Deputat: “Aİ-nin postmünaqişə dövrü ilə bağlı təşəbbüsləri təqdirəlayiqdir”

Fatma Yıldırım

© APA | Fatma Yıldırım

# 17 dekabr 2021 19:15 (UTC +04:00)

“Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr postmüharibə dövründə Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin güclənməkdə davam etdiyi təsdiqləyir. Azərbaycanın səyləri regionda hər hansı yeni müharibə risklərinin minimuma endirilməsi məqsədi daşıyır. Bunun üçün ən yaxşı yol kommunikasiyaların açılması, aktiv dialoqun qurulması və yenidən qonşu olmağı öyrənməkdir. Dövlətimizin mövqeyi bundan ibarətdir ki, sülh razılaşması üzərində iş aparılmalı və düşmənçiliyə son qoyulmalıdır”.

Bunu APA-ya Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, İkinci Qarabağ müharibəsində qələbə qazanan Azərbaycan regionda yeni reallıqlar yaradıb: “Yeni reallıqlar bölgədə sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin edilməsini nəzərdə tutur. Bu baxımdan, kommunikasiyaların açılması, Zəngəzur dəhlizi böyük önəm kəsb edir”.

Millət vəkilinin sözlərinə görə, Zəngəzur dəhlizi regionun simasını dəyişdirəcək layihədir: “Bu dəhlizlə bağlı kommunikasiyaların açılması təklifi ötən il noyabrın 10-da Azərbaycanın Prezidenti İlham Əliyev, Rusiya Prezidenti və Ermənistanın Baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanatda öz əksini tapıb. Bu səbəbdən bütün lazımi şəraiti təmin etmək Ermənistan üçün bir növ öhdəlikdir”.

Deputat qeyd edib ki, bütövlükdə, regional nəqliyyat əlaqələrinin inteqrasiyası dövlətlər üçün yeni imkanlar qazandıracaq: “Zəngəzur dəhlizi təkcə Azərbaycanın Naxçıvan Muxtar Respublikasına çıxış əldə etməsi deyil, həm də Ermənistanın Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla dəmir yolu əlaqəsi üçündür. Ermənistan həm də Azərbaycan ərazisindən Rusiya ilə dəmir yolu əlaqəsi əldə edir”.

Fatma Yıldırım qeyd edib ki, Avropa İttifaqının postmünaqişə dövrü ilə bağlı təşəbbüsləri təqdirəlayiqdir. Çünki Avropa İttifaqı sərhədlərin müəyyənləşdirilməsi, regional iqtisadi əlaqələrin yaradılması və s. təkliflərlə çıxış edir: “Erməni tərəfi tez-tez ATƏT-in Minsk qrupunu prosesə cəlb etmək üçün fikirlər səsləndirir. Amma faktdır ki, Minsk qrupunun həmsədrləri 28 il ərzində aparılan danışıqlarda hər hansı bir nəticəni hasil etməyib. Əgər prosesdə iştirak etmək istəyirsə, ATƏT-in Minsk qrupu yeni geosiyasi reallığa uyğun təklifləri hazırlamalıdır. Ermənistanla Azərbaycan arasında sülh sazişinin hazırlanması, sərhədlərin delimitasiyası, insanlar arasında təmasların yaradılması, etimad quruculuğu tədbirləri və digər məsələlərdə Minsk qrupu təşəbbüslər göstərə bilər. Digər tərəfdən, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində partlamamış minaların mövcudluğu ən problemli məsələlərdəndir. Mülki vətəndaşlarımız minalardan əziyyət çəkir. Bu xüsusda Avropa İttifaqı və üzv dövlətlər tərəfindən Azərbaycana mina probleminin aradan qaldırılması üçün texniki və maliyyə yardımının göstərilməsi vacibdir. Bu istiqamətdə bəzi dövlətlər və təşkilatlar öz dəstəyini verir. Amma hesab edirəm ki, bu ərazilərdə bərpa və quruculuq işlərini daha sürətli aparmaq üçün verilən dəstək daha böyük olmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR