Bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəz və BMT-nin Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Qadın, sülh və təhlükəsizlik: Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu” mövzusunda konfrans keçirilib.
APA-nın məlumatına görə, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, postmünaqişə dövründə hədəflər dəyişib.
F. Şəfiyev deyib ki, postmünaqişə dövründə bərpa işlərində qadınların rolu ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsi mövcuddur.
Birinci vitse-prezidentin köməkçisi, səfir Elçin Əmirbəyov qeyd edib ki, konfransın mövzusu aktualdır. Onun sözlərinə görə, bir sıra qadın sahibkarlar artıq işğaldan azad edilmiş ərazilərdə biznes qurmaqla bağlı layihələrini təqdim ediblər: “Zəngilan rayonunun Ağalı kəndində ağıllı kənd layihəsinin həyata keçirilməsi başa çatmaqdadır və ikinci ağıllı kənd layihəsi Füzulinin Dövlətyarlı kəndi olacaq. Hədəf işğaldan azad edilmiş ərazilərdə ağıllı layihələrin həyata keçirilməsinə qadınların cəlb edilməsidir”.
BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi Vladanka Andreyeva bildirib ki, qadınları qurban kimi yox, bu prosesdə bir iştirakçı kimi görmək istəyirlər: “İki il əvvəl Ümumdünya Səhiyyə Təşkilatının prezidenti koronavirus pandemiyasını elan etdi. Bu pandemiyaya və münaqişəyə baxmayaraq, Azərbaycan quruculuq işləri aparır. Münaqişədən sonra mina partlayışı, sərhəddə atışmalar nəticəsindən insanlar yenə həyatını itirir”.
Vladanka Andreyeva BMT-nin Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsinin 2000-ci ildə qəbul edildiyini xatırladıb: “Qadınların prioritetlərinin, sülhlə bağlı düşüncələrinin, postmünaqişə dövründə fəaliyyətlərinin nədən ibarət olduğunu anlamalıyıq. Qadınlar ictimai işlərdə fəal iştirak etdikdə, bir sıra maneələrin aradan qaldırılmasına daha asan nail olmaq mümkündür. BMT Təhlükəsizlik Şurası 22 ildir ki, müvafiq qətnaməni qəbul etsə də, biz qadınlarla bağlı qlobal səviyyədə ciddi irəliləyiş görmürük. Qadınlar qlobal səviyyədə sülh prosesində iştirakının 23 faiz olduğunu görürük. Azərbaycana gəldikdə, hökumət münaqişədən sonra bəyan etdi ki, insanların təhlükəsiz şəraitdə Qarabağa qayıtmasını təmin etməliyik. Əgər qadınlar danışıqlar masası arxasında əyləşərsə, daha yaxşı həll yolları tapıla bilər. Biz bu sahədə Azərbaycan hökumətinin davamlı səylərini dəstəkləyəcəyik. Çalışacağıq ki, qadınlar danışıqlar masası arxasında layiqli yerini tutsun”.
BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi gender məsələsinin BMT-Azərbaycan əməkdaşlığında mühüm yer tutduğunu vurğulayıb: “Çox tarixi bir anda, dövrdəyik. Biz verdiyimiz vədləri necə əmələ çevirə bilərik? Qalınlar nəinki danışıqlar masası arxasında əyləşməli, postmünaqişə dövründə bərpa işlərində aktiv iştirak etməlidirlər ”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova hazırda azad olunmuş ərazilərdə xüsusi idarəetmə institutu yaradıldığını nəzərə çatdırıb: “Bu, həm də mina təhlükəsinin aradan qaldırılması ilə bağlıdır. Mina təhlükəsi insanların bu ərazilərə qayıtmasını ləngidir. Prosesin uzanması isə regionda sülh və təhlükəsizliyə də zərbə vurur. Sülh müqaviləsinin bağlanması və sərhəd problemlərinin yoluna qoyulmasını beynəlxalq təşkilatlar dəstəkləyir. Ancaq Ermənistandakı revanşist meyllər qarşıya dəqiq vəzifələri qoymağı çətinləşdirir”.
Dövlət Komitəsinin sədri qeyd edib ki, Ermənistan üzərində qazanılmış qələbə dövlətçilik ənənələrinin möhkəmlənməsinə zəmin yaradır: “Münaqişələrin həllində qadınların iştirakçılıq səviyyəsi məsələni həll etmir. ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin üzvü kimi bunu təcrübəni görmüşəm. Məsələnin həlli üçün hansısa təkan lazımdır. Mövcud vəziyyətdə yeni standartlara, Azərbaycan tərəfindən şəkilləndirilmiş arxitekturaya uyğun addımların atılması lazımdır. Uşaq və qadın reabilitasiya mərkəzlərinin öncədən yaradılmasını, qadınların biznes layihələrində fəal iştirakı vacibdir. Azərbaycan hökuməti bu məsələləri nəzərə alaraq, 2022-2026-cı il üçün müvafiq milli fəaliyyət planı hazırlayır. Dövlət Komitəsi BMT-nin müvafiq strukturlarının tövsiyələrini nəzərə alaraq bu layihənin də üzərində işləyir və yaxın zamanlarda təqdim edəcək”.
Bəzi Qərb media orqanlarında guya məcburi köçkünlərin azad edilmiş torpaqlara qayıtmaq istəmədiyi yazılara rast gəldiyini, bunun yanlış olduğunu vurğulayan F. Şəfiyev ADA Universiteti tərəfindən aparılan sorğunun nəticələrinə görə, məcburi köçkünlərin mütləq əksəriyyətinin geri qayıtmaq istədiyini və azad edilmiş ərazilərə qayıtmaq istəyənlər arasında qadınların çoxluq təşkil etdiyini nəzərə çatdırıb.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova qadın biznesmenlərin azad edilmiş ərazilərlə bağlı layihələr təqdim etdiyini söyləyib.
Konfrans çərçivəsində “Yardım və bərpa – yenidən qurma” mövzusunda paneldə çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun bir müddət əvvəl Vyanada Azərbaycan hökuməti üçün sülh və təhlükəsizliyin, bu məsələlərdə qadınların rolunun prioritet olacağını bəyan etdiyini deyib: “Pandemiyadan sonra iqtisadiyyat necə daha yaxşı formada bərpa edilə bilər? Hökumətin arzusu odur ki, azad olunmuş əraziləri bərpa etsin, 100 minlərlə insan yurd-yuvalarına qayıtsın. Qadınların azad edilmiş ərazilərdə bizneslərini qurması üçün onlara dəstək verilməlidir. Biz bu modeli uğurlu həyata keçirsək, Azərbaycanın bu təcrübəsi nümunə kimi istifadə oluna bilər”.
Ceyms Şarp qeyd edib ki, pandemiya hələ başa çatmayıb: “Bu, o deməkdir ki, evindən də işləyə bilərsən. BP bir çox əməkdaşlarını ABŞ-a, başqa ölkələrə öz evlərinə göndərib ki, evlərindən işləsinlər. Əgər ərazilərin bərpa olunmasında iştirak etmək istəyirsinizsə, məsafədən də işləyə bilərsiniz. Məsələn, şirkət Londonda ola-ola da bu ərazilərdə fəaliyyət göstərə, bununla da maliyyə və digər resurslara qənaət edilə bilər”.
Səfir 2020-ci ildən azad edilmiş ərazilərdə minatəmizləmə ilə bağlı işçi planları olduğunu xatırladıb: “Həmin işçi planında 700 fəaliyyətin heç birində qadınların iştirakı nəzərdə tutulmayıb. Bəlkə də bununla bağlı qanunvericiliyə dəyişiklik etmək olar. Gender məsələsini nəzərə alan büdcələr müəyyənləşməlidir. Tutaq ki, həmin ərazilərdə səyyar tibbi xidmətlərin göstərilməsinə qadınlar cəlb edilə bilər. Qərarların qəbulunda icmaların iştirakı da müəyyənləşməlidir”.
Tədbir çıxışlarla davam edib.