Şirvan. Əlibəy Zeynallı - APA. Şirvan Apellyasiya Məhkəməsində arvadını qətlə yetirməkdə təqsirləndirilən Fərhad Abdullayevin apellyasiya şikayətinə baxılıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hakim Qürbət Əsgərovun sədrliyi ilə keçirilən prosesdə F. Abdullayev apellyasiya şikayətindən imtina etdiyini bildirib.
Buna görə onun şikayəti verilməmiş hesab edilib və barəsində olan məhkəmə hökmü dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, 2015-ci il martın 30-da Göyçay rayonunda Fərhad Abdullayev idarə etdiyi "VAZ 21074" markalı avtomobili ağaca çırparaq qəza törədib. Nəticədə aldığı bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Avtomobilə baxış zamanı hüquq-mühafizə orqanları tərəfindən avtomobildən F.Abdullayevin həyat yoldaşı Lamiyə Abdullayevanın meyiti aşkar edilib. Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsində müayinə olunarkən üzərində çoxsaylı bıçaq xəsarətləri aşkarlanıb.
Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində L. Abdullayevanın əri F. Abdullayev tərəfindən Ucar şəhərində yerləşən mənzilində qısqanclıq zəminində qətlə yetirdiyi müəyyən edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F. Abdullayev 16 il müddətinə azadlıqdan məhrum edilib.