Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 95 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib.
APA-nın xəbərinə görə, konfransda çıxış edən Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib ki, 28 may Şərqin və türk dünyasının tarixində çox böyük gündür: “Azərbaycan xalqı Gülüstan və Türkmənçayda parçalanmasına baxmayaraq, I Dünya müharibəsinin gedişində, mürəkkəb tarixi şəraitdə ayağa qalxmağı bacardı və bütün dünyaya var olduğunu sübut etdi. Dünyanın, Şərqin və türk dünyasının ən demokratik respublikasını Azərbaycan xalqı yaradıb. Qadınlarla kişilərə bərabər hüquqları ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti verib. Bütün qonşu dövlətlərə dostluq siyasətini biz elan etdik. Cümhuriyyət Azərbaycanda mənsəbindən, dinindən asılı olmayaraq, bütün xalqlara bütün azadlıqları vəd elədi. O sübut elədi ki, Avropadan da, Rusiyadan da daha artıq dərəcədə demokratik ölkə yaratmağa qadirik”.
Y.Mahmudov deyib ki, Azərbaycan Xalq Cümhuriyyətini yaradan ziyalıların xalqımız qarşısında ən böyük xidməti Azərbaycan dövlətçiliyini dirçəltməsidir: “Bu cümhuriyyət bizim tariximizin şərəf səhifəsidir. Bütün Şərq üçün biz nümunə göstərdik. Azərbaycandan 5 il sonra Türkiyə də cümhuriyyət yaratdı”.