BQP: Ədalətli idarəçilik yeganə çıxış yoludur

BQP: Ədalətli idarəçilik yeganə çıxış yoludur
# 11 mart 2013 14:31 (UTC +04:00)

Bakı – APA. Bu gün Böyük Quruluş Partiyası (BQP) Siyasi Qurulunun növbəti iclası keçirilib.

BQP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, partiya başqanı Fazil Mustafanın sədrliyi ilə keçirilən toplantıda qərarların icra vəziyyəti, ictimai-siyasi vəziyyət, partiya üzvlərinə veriləcək yeni vəsiqə nümunəsinin təsdiqi və digər məsələlər müzakirə olunub.

İclas "Əsgər ölümünə son!" devizi ilə Bakıda keçirilən etiraz aksiyasının dağıdılması zamanı ifrat gücdən istifadəni pisləyib: "Gəncləri aksiyaya vadar edən səbəbləri aradan qaldırmaq, haqlı çağırışları təhlil etmək əvəzinə, onlara qarşı zorakılıqdan istifadə edilməsi problemin həllinə müsbət heç nə qazandırmır. Yaxın tarixi keçmiş repressiv metodlarla idarəçiliyin acı dərsləri ilə doludur. BQP əhəmiyyətli siyasi islahatlara başlamağı, ədalətli idarəçiliyi bərqərar etməyi ölkənin və millətin yararına olacaq yeganə çıxış yolu hesab edir".

Siyasi Qurul 10 mart aksiyasına dair Mətbuat Şurasının rəsmi məlumatında KİV nümayəndələrinə qarşı hər hansı təzyiq faktının qeydə alınmaması barədəki açıqlamasından razılıq ifadə edib. Eyni zamanda bəzi mətbuat nümayəndələrinin xüsusi tanınma geyimi ilə iştirakçı, tərəf qismində hadisələrdə davranışlarını onların peşə fəaliyyətləri ilə ziddiyyət təşkil etməsi baxımından doğru hesab etməyib: "Kimsə aksiya iştirakçıları ilə felən eyni mövqedən çıxış etmək və onu nümayiş etdirmək istəyirsə, onda xüsusi geyimin və jurnalist toxunulmazlığının arxasında gizlənməməlidir”.

İclas İsrailin terrorçuluğa qarşı mübarizə qərargahının həmin ölkənin vətəndaşlarını Novruz bayramı günlərində Azərbaycana səfər etməkdən çəkinməyə çağırması haqda bəyanatını real vəziyyətdən uzaq, Azərbaycanın əleyhinə yönələn və düşmən qüvvələrin faydalanmasına imkan yaradan yanaşma kimi qiymətləndirib: “İsrailin Azərbaycandakı rəsmi nümayəndəliyi beynəlxalq hesabatlarda əhalinin, eləcə də xarici vətəndaşların fiziki təhlükəsizliyi baxımından Azərbaycanın dünyanın təhlükəsiz ölkələrindən biri olduğunun qeyd edildiyi mövcud reallığa istinad etməli, yol verilən yanlışlığı aradan qaldırmalıdır”.

İclasda qeyri-hökumət təşkilatlarının (QHT) qeydiyyata alınmasında yol verilən süründürməçilik pislənilib. Qeydiyyatla bağlı müddətin qısaldılması və bürokratik maneələrin qarşısının alınması üçün QHT-lərin qeydiyyatlarının müvafiq qurumun yerli şöbələrində də aparılmasının məqsədəuyğunluğu vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR