Əli Həsənov: “Siyasi partiyalarla hakimiyyət arasında istənilən məsələ müzakirə oluna bilər”

Əli Həsənov: “Siyasi partiyalarla hakimiyyət arasında istənilən məsələ müzakirə oluna bilər”
# 12 fevral 2015 08:40 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bir sıra müxalif partiyalarla keçirilən görüşdə deyib.

O qeyd edib ki, ilk görüşdəki çıxışlarda rasional ideyalar vardı və bu ideyalar Prezident Administrasiyası tərəfindən qeydiyyata alındı: “Gələcək toplantılarımızda da biz bu məsələlərə qayıdacağıq. Bu gün buraya konkret tematika ətrafına yığışmamışıq. Müzakirə olunacaq məsələlər əvvəldən elan olunmasa da, hesab edirəm ki, bugünkü toplantıdan sonra biz görüşlərimizin daha səmərəli, daha məqsədli və konkret istiqamətli olmasını təmin etmək üçün fikir mübadiləsi aparacağıq”.

Ə. Həsənov deyib ki, Azərbaycanda siyasi partiyalarla hakimiyyət arasında istənilən məsələ müzakirə oluna bilər: “Çünki bu iki institut Azərbaycan cəmiyyətinin faktiki olaraq bugünkü və gələcək idarəçiliyinin, daxili-xarici siyasətinin taleyini müəyyən edir. Hazırda hakimiyyətdə olan siyasi qüvvə ilə ona müxalif olan qüvvə arasında ölkənin, dövlətin və cəmiyyətin bu günü və gələcəyi ilə bağlı istənilən məsələlər müzakirə mövzusu ola bilər. Əminəm ki, bu görüşdə də hörmətli siyasi partiya rəhbərlərindən yaxşı ideyalar, mövzular təklif olunacaq. Biz müzakirələr aparıb, bəlli fikrə gələcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR