Parlament Azərbaycanda ailənin tək övladlarına hərbi xidmətə çağırışı zamanı güzəştlər tətbiq etmək barədə məsələni müzakirə edəcək

Parlament Azərbaycanda ailənin tək övladlarına hərbi xidmətə çağırışı zamanı güzəştlər tətbiq etmək barədə məsələni müzakirə edəcək
# 20 may 2013 13:35 (UTC +04:00)

Bakı. Mübariz Aslanov-APA. Azərbaycanda tək uşaqlı ailələrin övladlarının hərbi xidmətdən azad olunması üçün vəziyyətin öyrənilməsi ilə bağlı Milli Məclis müvafiq dövlət strukturlarına müraciət göndərib.

Parlamentdən APA - ya verilən məlumata görə, artıq parlamentin müraciəti cavablandırılıb, gələn sessiya bu məsələnin nisbətən başqa formada müzakirəyə çıxarılması gözlənilir. Bununla bağlı “Hərbi xidmət keçmə haqqında” qanuna dəyişikliklər edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılacaq.

Parlamentin müraciəti əsasında aparılan araşdırmaların nəticəsinə uyğun olaraq deputatlar tək övladların hərbi xidmətdən birdəfəlik azad olunmasından daha çox, onlara güzəştli hərbi xidmətin tətbiq olunmasını müzakirəyə çıxarmağı qərara alıblar. Birdəfəlik hərbi xidmətdən azad olunmanın tətbiq olunmamasına səbəb isə tək övladlı ailələrin sayca çoxluq təşkil etməsidir. Tətbiq olunacaq güzəştli hərbi xidmətlə bağlı təkliflər arasında daha çox tək övladların arxa cəbhədə xidmət etməsi, onların hərbi xidmət müddətinin azaldılması və sair bu kimi təkliflər çoxluq təşkil edir. Konkret hansı güzəştlərin tətbiq olunacağı isə layihə müzakirəyə çıxarılan zaman aydınlaşacaq.

Məsələ ilə bağlı Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc APA - ya açıqlamasında bildirib ki, o da məhz güzəştli hərbi xidmətin tətbiq olunmasının tərəfdarıdır və bir sıra həmkarları bu təşəbbüslə çıxış edir: “Çünki ön cəbhədə əsgərin həyatını itirməsi riski daha böyükdür və bu səbəbdən real vəziyyətin verdiyi imkana uyğun olaraq onların arxada cəbhədə güzəştli hərbi xidmət keçməsinin tərəfdarıyıq. Bununla bağlı ayrı-ayrı həmkarlarım da təşəbbüs irəli sürüblər, yazılı müraciətlər ediblər və bu məsələ ilə bağlı qanunvericilikdə dəyişikliyin olması labüddür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR