Qüdrət Həsənquliyev: “Məhkəmə hakimiyyətinin başçısı və polis rəisləri seçki yolu ilə seçilməlidir”

Qüdrət Həsənquliyev: “Məhkəmə hakimiyyətinin başçısı və polis rəisləri seçki yolu ilə seçilməlidir”
# 02 iyul 2014 10:30 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. “Bakıda “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda keçirilən beynəlxalq konfrans yüksək səviyyədə təşkil olunmuşdu”.

Bunu APA-ya açıqlamasında konfrans iştirakçısı, millət vəkili Qüdrət Həsənquliyev deyib.

O, konfransın Azərbaycan üçün böyük əhəmiyyətə malik olduğunu, bura dünyanın əksər ölkələrindən, həm Avropadan, həm də Asiyadan korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının nümayəndələrinin qatıldığını qeyd edib: “Təsadüfü deyil ki, bu konfransda Azərbaycan prezidentinin tədbir iştirakçılarına ünvanladığı məktubunu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təqdim etdi”.

Q.Həsənquliyev bu gün bəzi qüvvələrin Azərbaycanda korrupsiyanın səviyyəsinin guya yuxarı olması və ona qarşı mübarizənin effektiv təşkil olunmaması ilə bağlı təbliğat apardığını qeyd edib: “Bu təbliğatı aparanları biz üç kateqoriyaya bölməliyik. Birinci kateqoriyaya daxil olanlar bizim düşmənlərimizdir. Onlar çalışırlar ki, Azərbaycanın beynəlxalq nüfuzuna çox ciddi zərbə vursunlar. İkinci kateqoriyaya daxil olanlar bu kimi təbliğatların təsiri altında yanlış fikrə düşən insanlardır. Üçüncü kateqoriyaya daxil olanlar isə həqiqi olaraq müəyyən problemləri göкэт və həmin problemləri aradan qaldırılması üçün bizi tənqid edənlərdir. Ona görə də bütün tənqid edənləri Azərbaycan düşmən kimi qəbul etməməlidir. Birinci növbədə çalışmalıyıq ki, bu kateqoriyalara daxil olan insanları bir-birindən ayırmağı bacaraq. Kim bizim əleyhimizə qarşı kampaniya aparırsa, onlara öz adı ilə deməliyik ki, siz bizim düşmənlərimizsiniz. Lakin digərləri ilə işləmək lazımdır və onlara da göstərməliyik ki, biz öz problemlərimizi bilirik, onları gizlətmirik və bu problemin müzakirəsinə də hazırıq. Bu baxımdan bu konfransın əhəmiyyəti çox böyük idi”.

Q.Həsənquliyev konfransda çıxış edərək bu gün Azərbaycanı korrupsiya ilə mübarizədə tənqid edən bəzi Avropa ölkələrinin ünvanına sərt ittihamlar səsləndirdiyini qeyd edib: “Mən həmin konfransda çıxış edərək qeyd etdim ki, inkişaf etməkdə olan ölkələr və üçüncü dünya ölkələri korrupsiya ilə mübarizədə inkişaf etmiş ölkələrdən yardım gözləyirlər. Lakin reallıqda tam başqa mənzərə ilə qarşılaşırıq. Məsələn, Böyük Britaniya birliyi var və o birliyə daxil olan ölkələrdən biri də Baham adalarıdır. Baham adaları 1973-cü ildə öz müstəqilliyini elan edib, lakin bu ölkə üç yüz il Böyük Britaniyanın koloniyası olub və bu gün də ora parlamentli monarxiyadır, ölkənin monarxı da ikinci Yelizavetadır. Burda ofşor zona elan olunub və dünyanın hər yerindən çirkli pullar bu adaya gətirilir, lakin heç kim bunun qarşısını almaq üçün heç bir tədbir görmür. Mən konfrans iştirakçılarının diqqətinə çatdırdım ki, dünyada belə faktlar çoxdur və heç kim də bunun qarşısını almaq üçün heç bir iş görmür. Bundan başqa, məsələn, götürək qonşu Rusiyanı. Bu ölkənin bütün oliqarxlarının çirkli pulları Londona axır, Britaniya hökuməti çox böyük məmnuniyyətlə o pulları qəbul edir və o pulların mənbəyi ilə bağlı heç bir araşdırma aparmır. Konfrans iştirakçılarına sual etdim ki, sadaladığım bu faktlarla bağlı hansısa Avropa ölkəsində cinayət təqibi aparılıbmı? Təbii ki, mənim sualım cavabsız qaldı”.

Q.Həsənquliyev həmçinin qeyd edib ki, sistemli korrupsiyaya qarşı hüquq-mühafizə orqanları effektli mübarizə apara bilməz: “Türkiyənin timsalında biz bir daha bunun şahidi olduq. Məlum oldu ki, bu cəsarətdə bulunan hüquq-mühafizə orqanlarının əməkdaşları ən yaxşı halda tutduğu vəzifədən azad oluna bilərlər. Ona görə də mən təklif etdim ki, müstəqil məhkəmə hakimiyyəti qurulmalı və məhkəmə hakimiyyətinin başçısı seçki yolu ilə seçilməlidir. Həmçinin polis rəislərinin də birbaşa seçkisi barədə düşünməyə dəyər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR