Sərdar Cəlaloğlu: “Qarabağ Bloku ömrünü başa vurub, ADP və Ümid Partiyası parlament seçkilərində ayrılıqda iştirak edəcək”

Sərdar Cəlaloğlu: “Qarabağ Bloku ömrünü başa vurub, ADP və Ümid Partiyası parlament seçkilərində ayrılıqda iştirak edəcək”
# 20 avqust 2015 08:51 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Ümid Partiyasının “125-lər” adlı seçki bloku ilə iki illik əməkdaşlığını, bu blokda seçkilərə qatılmağa üstünlük verdiyini və ADP-nin “125-lər” bloku ilə bu günə qədər heç bir əməkdaşlıq etmədiyini əsas götürərək Qarabağ Blokunda təmsil olunan Ümid Partiyası ilə Azərbaycan Demokrat Partiyası seçkilərdə ayrı-ayrılıqda, öz namizədləri ilə, müstəqil iştirak etmək haqqında razılıq əldə ediblər.

Bunu APA-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib. O bildirib ki, ADP parlament seçkilərinə Qarabağ Blokunda qatılmağa qərar vermişdi: “Anaq Ümid Partiyası “125-lər” bloku ilə birlikdə namizədlərini müəyyən edərək mətbuata elan edib və “125-lər”lə birlikdə xeyli vaxtdır ki, seçkiyə yönəlik siyasət aparır. Məlum oldu ki, iki partiya birlikdə parlament seçkilərinə qatılacağı təqdirdə Ümid Partiyasının “125-lər”lə birgə elan etdiyi namizədlər siyahısına yenidən baxmaq şansı yoxdur. Yəni onlar mətbuata elan etdikləri namizədlər siyahısını möhkəm siyahı kimi qəbul edirlər. Biz də gördük ki, ADP-nin rəhbər şəxslərinin namizədliklərini irəli sürəcəkləri seçki dairələrinin hamısından onlar namizəd müəyyənləşdiriblər. Bizim namizədlər olan dairələrdə bunlar namizədlərini müəyyənləşdiriblər, biz isə yerdə qalan dairələrdən namizəd verməliyik ki, heç o dairələrdə bizim namizədimiz yoxdur. Ona görə də fikirləşdik ki, bu şəkildə ADP və Ümid Partiyası parlament seçkilərində birgə iştirak edə bilməyəcək. Bu baxımdan aramızda danışdıq ki, birgə seçkiyə qatılmaq ADP üçün problem olur və bir halda ki, Ümid Partiyası ADP-nin barələrində heç bir məlumatı olmadığı “125-lər”lə 2 ilə yaxındır ki, bir seçki layihəsi üzərində işləyir, onlara mane olmayaq. ADP də seçkilərdə müstəqil iştirak etsin”.

Qeyd edək ki, bundan öncəki parlament seçkilərində Qarabağ Blokunda təmsil olunan ADP və Ümid Partiyası dairələr üzrə vahid namizədlər irəli sürüb, lakin Ümid Partiyası parlamentdə təmsilçilik hüququ əldə etsə də, dövlət büdcəsindən siyasi partiyalar üçün ayrılan vəsaiti ADP ilə bölüşməyib. Son prezident seçkilərində isə hər iki partiya seçkilərə ayrı-ayrı namizədlə qatılıb. Qarşıdan gələn parlament seçkilərində də iki partiyanın ayrılıqda iştirak edəcəyi nəzərə alınsa, Qarabağ Blokunun mövcudluğunu qoruması nə dərəcədə məntiqli sayıla bilər?

S. Cəlaloğlu bildirib ki, əslində Qarabağ Bloku müəyyən mənada öz ömrünü başa vurub: “Ümid Partiyası və ADP razılaşıb ki, seçki qurtarana qədər Qarabağ Blokunun fəaliyyətini dayandıraq. Sonra elə bir situasiya yarana bilər ki, Qarabağ bloku buraxıla bilər. Ümumilikdə isə etiraf etməliyik ki, iki partiyanın uzun müddət seçkilərdə, bir çox məsələlərlə bağlı ayrı-ayrı çıxış etməsi həm üzvlərimiz arasında, həm də cəmiyyətdə anlaşılmazlıq yaradır. Məsələn, biz uzun müddətdir ki, bir blokdayıq, dəfələrlə qarşıdan gələn parlament seçkilərində birgə iştirak edəcəyimizi deyirik, amma paralel olaraq Ümid Partiyası “125-lər”lə seçki layihəsi həyata keçirir. Bu özü göstərir ki, Qarabağ Bloku siyasi blok sərhədlərindən kənara çıxmaq imkanına malik deyil. Ona görə situasiya dəyişəcəksə, yeni müxalif blokun yaranmasına ehtiyac olacaqsa, seçkidən sonra müxalifətdə yeni qruplaşma tələb olunacaqsa, həmin situasiyanın tələblərinə uyğun yenidən qruplaşa bilərik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR