Siyavuş Novruzov: "İstər Əli Əhmədov, istərsə də Mübariz Qurbanlı yenə də mütəmadi partiyadadırlar" - MÜSAHİBƏ

Siyavuş Novruzov: "İstər Əli Əhmədov, istərsə də Mübariz Qurbanlı yenə də mütəmadi partiyadadırlar" - <span style="color: red;">MÜSAHİBƏ
# 02 sentyabr 2014 10:27 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin üzvü Siyavuş Novruzovun APA-ya müsahibəsi.

- Yeni Azərbaycan Partiyasının rəhbərliyində təmsil olunan şəxslərin yüksək vəzifələrə təyinatlarından sonra partiyada vəziyyət necədir?

- Bizim partiya 600 min nəfərdən çox üzvü olan böyük bir partiyadır. Bütün bunlara baxmayaraq, təyinatlardan sonra istər Əli Əhmədov, istərsə də Mübariz Qurbanlı yenə də mütəmadi partiyadadırlar. Partiyanın işi ilə yenə məşğul olurlar.

Hazırda partiya bələdiyyə seçkilərinə hazırlaşır. Seçki proqramı artıq İdarə Heyətində təsdiqlənib və yerli təşkilatlarda bu istiqamətdə iş qurulub. Bələdiyyə seçkilərində irəli sürüləcək namizədlərlə bağlı təhlillər aparırıq. Yəni kimlərin növbəti dəfə namizədliyi irəli sürüləcək, kimlərin namizədliyi irəli sürülməyəcək və yeniləri ilə əvəzlənəcək... Bizim kifayət qədər gənclərimiz var ki, onlar YAP-ın seçki kampaniyalarında aktiv şəkildə fəaliyyət göstərəcəklər. Onların arasından bizim namizəd göstərəcəyimiz şəxslər də olacaq.

- Yeni namizədlərdən danışdınız. Bələdiyyə orqanlarında YAP-dan seçilərək indiyə qədər çalışanlar arasında partiyanın etimadını doğrultmayanlar varmı?

- Var. Hazırda bununla bağlı partiyada araşdırma aparılır. Qarşıdakı bələdiyyə və parlament seçkiləri ilə əlaqədar bizi təmsil edənlərin indiki fəaliyyəti barədə tədqiqat aparırıq. Bu, bir neçə kateqoriya üzrədir: seçildiyi dövrdə bu insanların davranışı, onlara göstərilən etimadı doğruldub-doğrultmaması və s. Bu tədqiqat başa çatdıqdan sonra seçkilərdə onlara etimad göstərilib-göstərilməməsi barədə qərar qəbul olunacaq.

- Belə başa düşdüm ki, Mübariz Qurbanlı dövlət vəzifəsinə təyinatdan sonra partiyadakı vəzifəsində qalacaq.

- Bəli. Mübariz Qurbanlı bu gün də partiyadakı fəaliyyətini davam etdirir. Amma gələcəkdə onunla bağlı hansı qərarın verilib-verilməyəcəyini mən indi deyə bilmərəm.

- Növbəti il parlament seçkiləridir. Qeyd etdiyiniz kimi, o seçkilərə də hazırlıq müəyyən mənada indidən başlayıb. Seçkilərə hansı yeniliklərlə hazırlaşırsınız?

- Təbii ki, parlament seçkilərinə az vaxt qalıb və biz hazırda öncə bələdiyyə seçkilərinə hazırlaşmağımıza baxmayaraq, buna da diqqət yönəltmişik. Amma bəzi partiyalar var ki, ətrafına beş-on nəfər yığmaqdan ötrü partiya üzvləri üçün vacib olan bələdiyyə seçkilərini deyil, ondan sonra gələcək parlament seçkilərini daha çox önə çıxartmağa çalışır. Həmin partiyalar Azərbaycanda sosial bazaya malik olmadığına və kağız üzərində, qəzetlərdə fəaliyyət göstərdiyinə görə, müəyyən adamları çaşdırıb özlərinə tərəf çəkmək üçün parlament seçkilərində onları namizəd kimi ortaya atırlar. Amma bu, onların yalnız bir il də ömür sürmələrinə, qəzet səhifələrində bir il də yaşamalarına xidmətdən başqa bir şey olmayacaq. Biz isə tezliklə bələdiyyə seçkiləri başa çatdıqdan sonra tədqiqatlarımızı yekunlaşdırıb parlament seçkilərinə start verəcəyik.

Əsasən, parlament seçkilərinə hazırlıq bu ilin dekabrından başlayacaq və onda biz öz qərarımızı açıqlamağa başlayacağıq. YAP-ı təmsil edən hər bir kəsin parlamentdəki fəaliyyəti, seçicilər arasındakı nüfuzu, davranışı, mənəvi və digər keyfiyyətləri müzakirə olunduqdan sonra partiya rəhbərliyi, başda partiyanın sədri olmaqla, öz qərarını verəcək. Aydın olacaq ki, kim növbəti seçkilərə gedir, kim isə getmir.

- Sizin özünüzün də dövlət vəzifəsinə irəli çəkiləcəyiniz barədə danışırlar. Bu barədə nə deyə bilərsiniz?

- Mən partiya sədrinin qərarına tabeyəm. Mənim barəmdə hansı qərar qəbul olunacaqsa, o qərarı icra edəcəyəm.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR