Bakı. Məlahət Nəcəfova - APA. Rusiyada azərbaycanlıya soyadsız yaşamağa icazə verilib.
APA-nın “Rossiyskaya qazeta”ya istinadən verdiyi məlumata görə, Kalininqrad şəhərinin Moskva rayon məhkəməsi vaxtilə Murmansk vilayətində yaşamış 1967-ci il təvəllüdlü Etibar adlı azərbaycanlı ilə bağlı müvafiq qərar çıxarıb.
Həmin şəxsin heç vaxt soyadı olmayıb. O, yalnız bu yaxınlarda vərəsəliklə bağlı sənədləri rəsmiləşdirmək istəyərkən problemlə üzləşib.
Etibar dünyaya gələn zaman ailəsi nadir milli adətə görə ona soyad verməyib. Onun doğum haqqında sənədi, habelə hərbi bileti soyadsız rəsmiləşdirilib. Etibar 2003-cü ildə Rusiya vətəndaşlığı alıb. Onun bütün sənədlərində soyad yeri boş olub.
Etibar yalnız 2013-cü ildə, həyat yoldaşı vəfat edəndən sonra problemlə üzləşib. Qadın ona mənzildən pay və pul miras qoyub. Notarius isə onun mirasını rəsmiləşdirməkdən imtina edib və hesab edib ki, pasport və nikah haqqında sənəddə soyadın olmaması qanuna uyğun deyil. Nəticədə azərbaycanlı məhkəməyə müraciət edib. Məhkəmə Uşaqların hüquqları barədə konvensiyaya istinad edərək ərizəçini haqlı hesab edib.