Yazıçı, şair və publisist Aqşin Yenisey Azərbaycanın yeni neft dövrünün romanını qələmə almağa başlayıb.
Aqşin Yeniseyin APA-ya verdiyi açıqlamaya görə, o bu mövzuya “Ədibin Evi” Ədəbiyyatda Dəstək Fondunun təklifi ilə müraciət edib.
O bildirib ki, X əsrdən etibarən neft Azərbaycan xalqının həm tarixində, həm də taleyində mühüm rol oynayıb: "Bakının neftlə zəngin torpaqları hind atəşpərəstlərindən tutmuş isveç, ingilis, rus sənayeçilərinə qədər həmişə Şərqin və Qərbin marağında olub. Şərqdən gələnlər Bakı neftində inanc, Qərbdən gələnlər qazanc tapıblar. Buna baxmayaraq, Azərbaycan bədii ədəbiyyatında neft mövzusuna çox az müraciət olunub. Bu sahədə çalışan minlərlə azərbaycanlı bədii ədəbiyyatın diqqətindən kənarda qalıb. Neftin həyatımızdakı yeri ilə ədəbiyyatımızdakı yeri tərs mütənasibdir. Neftlə bağlı yerli müəlliflərin yazdığı romanları sadalasaq ikinci əlin barmaqlarına ehtiyac qalmaz. Bu romanı yazmaqda məqsədimiz Bakı neftinin əhvalatını müasir Azərbaycan ədəbiyyatının mərkəzi mövzularından birinə çevirmək, Bakı neftinin qoxusuna gələn Şərqin və Qərbin maraqlarının Azərbaycan xalqının tarixinə, məişətinə, milli-mədəni dəyərlərinə təsirini bədii-estetik bir dillə ədəbi irsimizə qazandırmaqdır. Bu roman həm yerli, həm dünya oxucusuna Azərbaycan xalqının neftin işığında və zülmətində birləşən tarixi və taleyi haqqında danışacaq.”
Qeyd edək ki, 2024-cü ildə Ümummilli Lider Heydər Əliyevin imza əsəri və müstəqil Azərbaycanın suverenliyinin iqtisadi qarantı olan “Əsrin Müqaviləsi”nin imzalanmasından 30 il ötür. Azərbaycanın müasir ədəbiyyatına nəzər salarkən, bu mövzuda yazılan çoxsaylı sənədli və publistik əsərlərə rast gəlmək olar. Eyni zamanda, bədii əsər baxımdan bu müddət ərzində ortaya ciddi işlər qoyulmayıb. Ədəbiyyatın tariximizi nəinki yazmaq, bədii şəkildə əks etdirmək gücünü nəzərə alaraq “Ədibin Evi” yazıçı Aqşin Yeniseyə yeni dövrümüzün neft romanı üzərində işə başlamağı təklif edib.
Yazıçı təklifi qəbul edərək Azərbaycanın keçmişi ilə gələcəyini birləşdirən bu əhəmiyyətli mövzu ilə bağlı dərhal araşdırmalara başlayıb.