Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu tərəfindən Azərbaycanda əlil uşaqların məlumat vahid məlumat bazası yaradılır.
Təhsil Nazirliyinin De-institutlaşma və uşaqların müdafiəsi idarəsinin xüsusi təhsil şöbəsinin müdiri Anar Xəlilov APA-ya açıqlamasında bildirib ki, vahid məlumat bazasının hazırlanmasında məqsəd ölkədə əlilliyi olan uşaqların dəqiq diaqnozlarına uyğun olaraq statistikasının aparılması, nə qədər uşağın təhsildən kənarda qalmasını, uşaqların hansı diaqnozların əlillik statusu almasını müəyyənləşdirməkdir.
Onun sözlərinə görə, vahid baza hazır olandan sonra dəqiq bilinəcək əlil uşaqların neçəsi təhsil alır, neçəsi təhsildən kənardadır, onların təhsil alması üçün hansı rayonda nə qədər və hansı profildə təhsil müəssisələrinin olması daha məqsədəuyğundur: “Bununla da uşaqların təhsil ehtiyacları müəyyən ediləcək. Məlumat bazası artıq yekunlaşmaq üzrədir. Bununla da yaxın gələcəkdə əlil uşaqlarla bağlı statistik məlumatları ictimaiyyətə açıqlamaq mümkün olacaq”.
A. Xəlilov qeyd edib ki, Bakıda əlil uşaqların təhsil alması 3 xüsusi tipli təhsil müəssisəsi var, rayonlarda isə xüsusi tipli təhsil müəssisəsi yalnız Gəncə şəhərindədir: “Bu baxımdan uşaqların təhsil alması üçün onlar Bakı şəhərində olan xüsusi tipli internat məktəblərinə yerləşdirilməlidir. Bu zaman uşaqların təhsil hüququnu verməklə, digər tərəfdən valideynlərinin yanında yaşamaq hüququnu pozmuş oluruq. Bu baxımdan ölkədə inklüziv, inteqrativ təhsilin inkişafında məqsəd həmin uşaqların yaşadıqları yerdə, məntəqədə təhsil almasına imkan yaratmaqdır”.