Gürcüstan parlamentinin nümayəndə heyəti seçki prosesi ilə tanış olub

Gürcüstan parlamentinin nümayəndə heyəti seçki prosesi ilə tanış olub
# 07 fevral 2024 11:12 (UTC +04:00)

Növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar Gürcüstan parlamentinin nümayəndə heyəti beynəlxalq müşahidəçi qismində 7 saylı Səbail seçki dairəsinin 9 saylı məntəqəsində olub.

APA xəbər verir ki, Gürcüstan parlamentinin vitse-spikeri Arçil Talakvadzenin rəhbərlik etdiyi nümayəndə heyəti məntəqədə səsvermə prosesi ilə tanış olub. Beynəlxalq müşahidəçilər seçicilər üçün yaradılan şəraitlə də tanış olublar.

Arçil Talakvadzenin sözlərinə görə, bu gün Gürcüstan parlamentinin nümayəndə heyəti Azərbaycan tərəfinin dəvəti ilə seçkilərdə müşahidəçi qismində iştirak edir. Nümayəndə heyəti artıq bir neçə seçki məntəqəsində olub və müşahidələr onu deməyə əsas verir ki, seçki prosesi stabil və sakit şəraitdə keçir.

Vitse-spiker onu da əlavə etdi ki, səhər saatları olmasına baxmayaraq, məntəqələrdə seçici aktivliyi müşahidə olunur.

Arçil Talakvadze Azərbaycan xalqına prezident seçimində uğurlar arzu etdi.

Gürcüstan parlamentinin vitse-spikeri onu da vurğulayıb ki, bu gün Azərbaycanda seçkilərin keçirilməsi tarixi hadisədir, çünki ölkə suverenliyini bərpa etdikdən sonra bütün ərazilərdə seçkilər keçirilir.

"Azərbaycana sülh və əmin-amanlıq arzulayıram. Azərbaycanda sülh və əmin-amanlıq Gürcüstanın marağındadır, bütün regionun marağındadır", - vitse-spiker qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR