Azərbaycan və Gürcüstan şahmatçıları “İpək Yolu Kuboku”nda oynayacaqlar

Azərbaycan və Gürcüstan şahmatçıları “İpək Yolu Kuboku”nda oynayacaqlar
# 21 may 2020 10:14 (UTC +04:00)

Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi, Azərbaycan Şahmat Federasiyası (AŞF), Gürcüstan Şahmat Federasiyası (GŞF), eləcə də SOCAR-ın təşkilatçılığıyla internet üzərində blits şahmat üzrə beynəlxalq turnir keçiriləcək.

AŞF-dən apasport.az saytının verilən məlumata görə, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) vitse-prezidenti Mahir Məmmədovun təşəbbüsüylə 26-28 may tarixlərində Azərbaycanda Respublika Günü, Gürcüstanda isə Müstəqillik Gününə həsr edilən “İpək Yolu Kuboku” uğrunda yarış təşkil ediləcək.

Yarışın keçirilməsində əsas məqsəd Azərbaycan və Gürcüstanda bayram günlərində iki ölkə arasında idman əlaqələrinin inkişafı, pandemiya dövründə şahmatçıların oyun praktikasının saxlanılması eləcə də şahmatın təbliğidir.

Yarış playchess.com virtual oyun platformasında keçiriləcək. Turnirdə ümumilikdə 50 iştirakçı olacaq. “İpək Yolu Kuboku”nda AŞF və GŞF tərəfindən FİDE əmsalına görə (01.05.2020 tarixinə) kişilərdə ilk 12, qadınlarda ilk 8 şahmatçı və 16 yaşa qədər gənclər arasında (01.01.2020 tarixinə 16 yaşı tamam olmamış) ilk 3 şahmatçı mübarizə aparacaq. Federasiyalar yarışa “wild card” ilə 2 şahmatçı dəvət etmək hüququna malikdir.

Yarışın ümumi mükafat fondu 20 min avro təşkil edir. Turnirdə mübarizə aparacaq bütün şahmatçılar göstərdikləri nəticəyə müvafiq olaraq pul mükafatı qazanacaq. İsveçrə sistemi üzrə təşkil olunacaq yarış 15 turdan ibarət olacaq.

Nəzarət vaxtı hər bir şahmatçıya oyunun sonuna qədər 3 dəqiqə və birinci gedişdən başlayaraq hər gediş üçün iki saniyə əlavə olmaqla müəyyən edilir. 1-7 turlar 26 may 2020-ci il tarixdə saat 15:00-da, 8-15 turlar 28 may 18:00-da başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR