Azərbaycan Tibb Universitetində (ATU) Böyük elmi şuranın iclası keçirilib. Karantin rejiminin tələblərinə uyğun olaraq toplantı onlayn videokonfrans formatında təşkil olunub.
ATU-dan APA-ya verilən məlumata görə, iclasda yaz semestrinin yay imtahan sessiyasında qiymətləndirmənin keçirilməsi məsələsi müzakirə olunub və bu prosesin təşkili ilə bağlı qaydalar təsdiqlənib.
İclasın əvvəlində ATU-nun rektoru, professor Gəray Gəraybəyli konfrans iştirakçılarını şuranın gündəliyi ilə tanış etdikdən sonra pandemiya dövründə azərbaycanlı həkimlərin nümayiş etdirdiyi fədakarlıqdan danışıb. COVID-19 virusu ilə mübarizədə ATU klinikalarındakı cəsarətli həkimlərimizin xüsusi rolunu vurğulayıb. G.Gəraybəyli tezliklə dünyanın və Azərbaycanın bu problemi dəf edəcəyinə, koronavirusa qalib gələcəyimizə ümid etdiyini bildirib.
Daha sonra rektor G.Gəraybəyli dövlət başçısı İlham Əliyevin ATU-nun 90 illik yubileyinin keçirilməsi haqqında 14 may 2020-ci il tarixli sərəncamı videokonfrans iştirakçılarının nəzərinə çatdırıb. Yubileyin yüksək səviyyədə keçirilməsi, bununla bağlı işlərin təşkili üçün yaxın günlərdə daha ətraflı məlumatın veriləcəyini bildirib.
Sonra Elmi Şurada gündəlikdəki digər məsələ - tələbələrin cari tədris ilinin yaz semestrinin yay imtahan sessiyasında qiymətləndirilməsi prosesini təşkil etmək, koronavirus pandemiyasının tədris prosesinə təsirini minimuma endirmək məqsədilə tədbirlər planı müzakirə olunub.
Nazirlər Kabinetinin 18.05.2020-ci il tarixli “Koronavirus (COVİD-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” Qərarına əsaslanaraq, Elmi Şurada aparılan müzakirələrdən sonra tələbələrin cari və yekun attestasiyası ilə bağlı qaydalar hazırlanıb.
Bu qaydalar aşağıdakılardır:
-Buraxılış kurslarında fənlər üzrə semestr imtahanları və hər iki mərhələ üzrə yekun dövlət attestasiyası keçirilməyəcək;
-Əsas (baza ali) tibb təhsili, bakalavriat və orta ixtisas təhsili səviyyələrində tədris planının şərtlərini yerinə yetirmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə - ÜOMG) uyğun olaraq yekun attestasiyanı keçmiş hesab olunacaqlar;
-ÜOMG-yə uyğun olaraq çıxarılmış yekun dövlət attestasiyasının nəticələri ilə razılaşmayan tələbələr üçün ixtisas üzrə dövlət imtahanı təşkil ediləcəkdir. İmtahan bir mərhələdə onlayn şəkildə şifahi qaydada keçiriləcək;
-Aşağı kurslardan akademik borcu qalan buraxılış kurslarının tələbələri və normativ təhsil müddətində universiteti bitirə bilməyib tələbə kontingentində saxlanılan tələbələr üzrə akademik borcların ləğv edilməsi üçün 18.05.2020-ci il tarixindən 04.06.2020-ci il tarixinə kimi borc yaranmış fənn (fənlər) üzrə onlayn imtahan sessiyası, digər kurslar üzrə isə 01.06.2020-ci il tarixindən 02.07.2020-ci il tarixinə kimi onlayn imtahan təşkil ediləcək;
-Onlayn imtahan hər test 2 bal qiymətləndirilməklə 50 test sualı üzrə aparılacaq, imtahan nəticəsi 100 balla qiymətləndiriləcək;
-Cari semestrin imtahanın nəticəsinə əsasən akademik borcu yaranan tələbələrə imtahan sessiyasından sonra yenə onlayn keçirilməklə fənni (fənləri) dinləmədən ödənişsiz əsaslarla imtahan təşkil ediləcək, əlavə olaraq əvvəlki semestrlərdən akademik borcu yaranmış tələbələrə iki fənn üzrə də fənni dinləmədən ödənişsiz əsaslarla imtahanda iştirak etmələrinə şərait yaradılacaq;
- Əvvəlki semestrlərdən akademik borcu qalan tələbələrin imtahanı zamanı fənni dinlədiyi semestrdəki cari qiymətləndirilmənin nəticəsi nəzərə alınacaq və imtahan hər test 1 bal qiymətləndirilməklə 50 test sualı üzrə aparılacaq;
-2019/2020-ci tədris ilinin yaz semestrində aparılan onlayn dərslər üzrə cari qiymətləndirilmə aparılmayacaq, cari qiymətləndirilməyə ayrılan 50 bal imtahana ayrılan 50 bal üzərinə əlavə olunaraq 100 bal ilə imtahan qiymətləndirilməsi aparılacaq;
- İmtahan nəticəsindən narazı qalan tələbələr üçün onlayn şəkildə Apellyasiya təşkil ediləcək;
-Bütün kurslar üzrə yalnız 2019/2020-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyasına məxsus olmaqla açıq formalı testlər imtahandan çıxarılacaqdır;
- İmtahanda istifadə olunan bank sualları bütün fənlər üzrə tədris proqramının məzmunu gözlənilməklə 30% azaldılacaq;
- İstehsalat təcrübəsi üzrə qiymətləndirmə əvvəlki kurslar üzrə istehsalat təcrübələrinin ÜOMG-ləri, ilk istehsalat təcrübəsinin qiymətləndirilməsində isə cari qiymətləndirilməsi aparılmış təcrübəyə aid fənnin ÜOMG-i əsas götürüləcək;
- Onlayn dərslərdə iştirak etmiş və ya müəyyən səbəblərdən iştirak edə bilməyib fənn (fənlər) üzrə mövzunu yenidən mənimsəmək istəyən tələbələr üçün öz istəkləri və müraciətləri əsasında avqust ayı ərzində 3-4 həftəlik ödənişsiz əsaslarla onlayn şəkildə icmal mühazirələr təşkil ediləcək və bunun müraciətlər iyul ayının 5-nə qəbul olunacaq;
Buraxılış kursları istisna olmaqla digər kursların tələbələrinin 2019/2020-ci tədris ilinin yaz semestrinin təhsil haqqı ödəməsində 15.09.2020-ci il tarixinə, 2020/2021-ci tədris ilinin payız semestrinin təhsil haqqı ödəməsində 01.12.2020-ci il tarixinə kimi möhlət veriləcək;
- Buraxılış kurslarının tələbələrinə isə 25.06.2020-ci il tarixinə kimi təhsil haqqını ödəməsi üçün vaxt verilir. Onlayn dərslər ilə razılaşmayıb cari semestr üçün ödəniş etmək istəməyən tələbələrə öz razılıqları əsasında növbəti tədris ilində təhsil alması üçün şərait yaradılacaq;
-Onlayn keçirilən imtahan zamanı akademik borcu yaranan tələbələrə fənni dinləmədən imtahan təşkil edilməsi ödənişsiz əsaslarla aparılacaq;
- Yaz semestrinin nəticələrinə görə təqaüd almaq hüququ olan tələbələrin siyahısı sentyabr ayında 2020/2021-ci tədris ili başlayanadək müəyyən ediləcək;
- Yaz semestrinin nəticəsinə görə akademik borcu yaranmış və borcunu 2020/2021-ci tədris ili başlayanadək ləğv etmiş tələbələr də növbəti semestrdə təqaüd almaq hüququ olan tələbələrin siyahısına daxil ediləcək;
- Tələbələrin təqaüd hesablanması zamanı təqaüd sayı daxilində ballar eyni olduqda əvvəlki (payız) semestrin balı nəzərə alınacaq;
- Tələbələrin akademik borclarının ləğv edilməsi üçün yay semestri təşkil edildikdə tələbələrin istəkləri ilə ödənişli əsaslarla təşkil ediləcək;
- Magistratura səviyyəsində magistrlik dissertasiyalarının müdafiəsi ixtisaslaşdırılmış şuraların onlayn iclaslarında həyata keçiriləcək.
Qeyd edək ki, bu qaydalar yalnız 2019/2020-ci tədris ilinin yaz semestri, yay imtahan sessiyası və yay semestri üçün nəzərdə tutulub. Qaydalar yalnız qeyd olunan müddət ərzində qüvvədə qalır, növbəti semestrlərdə tətbiq edilməyəcək. Yalnız Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin hər hansı qayda və əmrləri olduqda, bu qaydalara dəyişiklik aparıla bilər.