Bu ilin 6 ayı ərzində daxili işlər və prokurorluq orqanları üzrə 12 411 cinayət qeydə alınıb.
APA-nın məlumatına görə, bunu Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bu gün keçirilən kollegiya iclasında deyib.
Nazir bildirib ki, bu cinayətlərin 88,5 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edib.
V. Eyvazov qəsdən adam öldürməyə cəhd cinayətlərinin 12,2 faiz, qəsdən sağlamlığa ağır zərər vurmaların 4,1 faiz, mülkiyyət əleyhinə olan cinayətlərin 8,1 faiz, xuliqanlıqların 25,1 faiz, ictimai yerlərdə baş vermiş cinayətlərin 35 faiz azaldığını, həmçinin cinayətlərin acılmasının yüksək olmaqla 83,1 faiz təşkil etdiyini, məhkəmədən, istintaqdan və təhqiqat orqanlarından yayınan 1852 təqsirləndirilən şəxsin tutulduğunu vurğulayıb. Nazir bildirib ki, ötən ilin 6 ayı ilə müqayisədə cari ilin müvafiq dövründə ağır və xüsusilə ağır, şəxsiyyət əleyhinə olan cinayətlərin sayı azalıb, onlardan qəsdən adam öldürmələrin, adam öldürməyə cəhdlərin, dələduzluqların, soyğunçuluqların açılması xeyli yaxşılaşıb, keçmiş illərdən bağlı qalmış 163 cinayətin açılması təmin edilib.