Azərbaycandakı yeraltı qaz anbarlarının tutumu 1,4 mlrd. kub/metrdən 5 mlrd. kub/metrə çatdırılacaq

Azərbaycandakı yeraltı qaz anbarlarının tutumu 1,4 mlrd. kub/metrdən 5 mlrd. kub/metrə çatdırılacaq
# 20 sentyabr 2008 09:09 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın yeraltı qaz anbarlarının təmiri layihəsi çərçivəsində 20-yə yaxın quyu təmir edilib. «APA-Economics»in xəbərinə görə, bu barədə məlumat verən ARDNŞ prezidenti Rövnəq Abdullayev bütün quyulara gələn qaz xətlərinin yeniləşdirildiyini bildirib. «Artıq kompressor stansiyası qurulur. Cari ilin noyabr ayına qədər Rusiyadan yeni kompressorlar gətiriləcək. Təmirdən sonra yeraltı qaz anbarlarına 2 mlrd. kub/metrdən artıq qaz vurmağı planlaşdırırıq», - deyə R.Abdullayev vurğulayıb.

ARDNŞ prezidentinin sözlərinə görə, qaz anbarlarının təmiri iki mərhələdə həyata keçiriləcək. İkinci mərhələ gələn ilin sonuna qədər yekunlaşacaq. Bundan sonra yeraltı qaz anbarlarına 5 mlrd. kub/metr həcmində qaz vurulması mümkün olacaq.

R. Abdullayev Naxçıvan Muxtar Respublikasında yeraltı qaz anbarının tikintisi ilə bağlı müəssisənin yaradıldığını, artıq bir neçə quyunun qazılmasına başlandığını qeyd edib. Naxçıvandakı qaz anbarının həcmi 300 mln. kub/metrə yaxın olacaq.

Qeyd edək ki, hazırda Azərbaycanda 2 yeraltı qaz anbarı - Qalmaz və Qaradağ mövcuddur. Bu il yeraltı anbarlara 1,4 mlrd. kubmetr qaz yığılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR