Yaqub Eyyubov: “Azərbaycan qazının ixracı ancaq kommersiya baxımından əlverişli marşrutlarla həyata keçirilə bilər”- EKSKLÜZİV

Yaqub Eyyubov: “Azərbaycan qazının ixracı ancaq kommersiya baxımından əlverişli marşrutlarla həyata keçirilə bilər”- <font color=red>EKSKLÜZİV</font>
# 24 sentyabr 2008 13:03 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubovun APA-ya müsahibəsi


- Son vaxtlar Azərbaycanda neft-qaz hasilatının sürətli artımı müşahidə olunur. Bu artım 2009-cu ildə respublikanın yanacaq-enerji balansına hansı keyfiyyət dəyişiklikləri gətirəcək?
- Məlumat üçün öncə onu bildirim ki, ötən il Azərbaycanda ümumilikdə 42,6 mln. ton neft, 17,0 milyard m3 qaz hasil edilib. Bu il isə neft hasilatının 50,5 mln. tona, qaz hasilatının isə 26,1 milyard m3 yüksələcəyi gözlənilir. Növbəti 2009-cu ildə neft hasilatı 60,0 mln. ton, təbii qaz hasilatının isə 30,0 milyard m3 həcmində olacağı proqnozlaşdırılır. Bu olduqca dinamik artımdır. Faiz nisbətində həmin artım 2007-ci illə müqayisədə neft hasilatında 19%, təbii qaz hasilatında 54%, cari illə müqayisədə neft üzrə yenə də 19%, təbi qaz üzrə isə 15% çoxdur.

Onu da xatırladım ki, artıq ölkənin 2009-cu il üzrə yanacaq-enerji balansı hazırlanmaqdadır. Bu balans cari ildəki balansla müqayisədə daha geniş imkanlı olacaq. Hasilatın həcm artımı növbəti ilin yanacaq-enerji balansını daha çox qaz xammalına əsaslanan strukturda formalaşdırmağa imkan verir. Bundan irəli gələrək növbəti ildə respublikanın enerji sisteminin tamamilə təbii qaz yanacağı ilə işləməsi nəzərdə tutulur. Cari ildə enerji istehsalında 424 min ton mazut yanacağı sərf edilib. Növbəti ildə isə enerji sistemində mazut yanacağından istifadə edilməməsi proqnozlaşdırılır. Bu isə dövlətin hesabına əlavə 212 milyon ABŞ dolları həcmində vəsaitin daxil olunmasına imkan verəcək. Əldə olunacaq bu vəsaitlər təbii ki, sosial sferaya, xalqın rifah halının yüksəlməsinə, əmək haqlarının artırılmasına yönəldiləcək. Enerji sisteminin qazla işləməsinin ekoloji cəhətdən müsbət amil olduğu da vurğulanmalıdır. İndi bizim kifayət qədər qaz ehtiyatlarımız var və bu imkan verir ki, ölkədə qaz təminatını maksimum həddə çatdıraq. Bildiyiniz kimi, hazırda respublikamızın 84% əhalisi təbii qaz yanacağı ilə fasiləsiz təmin edilir. Belə uğura Azərbaycanda ilk dəfə nail olunur. Qazlaşmanın bu səviyyəsinə görə indi Azərbaycan çox mühüm qaz resurslarına malik ölkələrdən biridir. Bütün bunlar xalqımızın ümummilli lideri, ulu öndərimiz Heydər Əliyevin müdrikcəsinə işləyib hazırladığı iqtisadi inkişaf konsepsiyasının və milli neft strategiyasının təntənəsidir. Əldə edilən uğurlar möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən bu strategiyanın ardıcıllıqla həyata keçirilməsi sayəsində mümkün olub. Növbəti ildə respublikanın yanacaq-enerji balansında istehlak edilən qazın həcmi daha da artırılaraq 11,9 milyard kubmetr təşkil edəcəyi proqnozlaşdırılır. Cari illə nisbətdə bu artın 1,1 milyard kubmetr təşkil edir ki, onun da əhəmiyyətli hissəsi 150 milyon kubmetr əhalinin artan ehtiyaclarının, 200 milyon kubmetr respublikada inşa edilən yeni sənaye müəssisələrinin tələbatının ödənilməsinə sərf ediləcək. Bütün bunlar bir daha geniş imkan verəcək ki, növbəti ildə də respublika əhalisinin və ölkə iqtisadiyyatının qazla təchizatı daha dolğun keyfiyyətdə təmin olunsun.

- Neft-qaz hasilatında baş verən dinamika heç şübhəsiz ki, ölkə iqtisadiyyatının digər sahələrinin inkişafına da təkan verəcək. Bunun üçün isə yeni enerji güclərinin yaradılması və iqtisadiyyatı etibarlı elektrik enerjisi ilə təmin etmək lazımdır. İndi Azərbaycanda enerji istehsalı sahəsində yeni güclərin yaradılması ilə bağlı vəziyyət necədir?

- Azərbaycanda 2007-ci ildə 21,4 milyard kVt/saat elektrik enerjisi istehsal edilib. 2008-ci ildə 22,3 milyard kVt/saat elektrik enerjisinin istehsal ediləcəyi gözlənilir. Növbəti ildə isə elektrik enerjisi istehsalı 25,0 milyard kVt/saata qədər artırılacağı proqnozlaşdırılır. İstehsalla yanaşı respublikada elektrik enerjisinin istehlakı da xeyli yaxşılaşıb. Belə ki, 2007-ci ildə ölkədə 21,2 milyard kVt/saat elektrik enerjisi istehlak edilib ki, onun da 12,7 milyard kVt/saatı əhalinin payına düşür. Bu il istehlak daha da yüksələcək və 21,8 milyard kVt/saat təşkil edəcək. Növbəti - 2009-cu il də isə istehlak həcmi 24,8 milyard kVt/saat təşkil edəcək ki, bu da cari ilə nisbətdə 3 milyard kVt/saat çoxdur. Bu istehlakın də əhəmiyyətli hissəsi 13,4 milyard kVt/saatı əhalinin artan ehtiyaclarına yönəldiləcək, yeni yaranan istehsallar sahələrində sərf ediləcək. Bildiyiniz kimi, uzun müddət Naxçıvan Muxtar Respublikasında elektrik enerjisi ilə bağlı problemləri var idi. Muxtar respublikanın enerji təminatı qardaş Türkiyə və İran vasitəsi ilə ödənilirdi. Artıq bir neçə ildir ki, Naxçıvan Muxtar Respublikası enerji ilə təminatı tam təmin olunub. İndi yaradılan yeni güclər hesabına muxtar respublika əvvəllər qonşu ölkələrdən aldığı elektrik enerjisinin geri qaytarılmasını həyata keçirir. Elektroenergetika sektoru ölkədə investisiyaların qoyuluşuna görə neft sənayesindən sonra ikinci yerdə durur. İndiyədək bu sektora 1,2 milyard dollardan artıq dövlət zəmanəti ilə xarici kreditlər cəlb olunub və bu proses davam etdirilir. 2006-2007-ci illər ərzində Astara, Şəki və Xaçmaz rayonlarında, Bakı və Naxçıvan şəhərlərində ümumi gücü 452 MVt olan 5 modul tipli elektrik stansiyası, 4,5 MVt-lıq «Vayxır» su elektrik stansiyası tikilib istismara verilib. Naxçıvanda uzun illər istismar olunmayan dizel elektrik stansiyası qaz rejiminə keçirilərək, gücü 60 MVt-a çatdırılıb. Mingəçevir şəhərindəki Azərbaycan İES-də 5-ci enerji bloku əsaslı olaraq yenidən qurulub və 150 MVt güc artımına nail olunub. Bu işlərin nəticəsində hazırda ölkənin elektrik stansiyalarının sayı 15-ə, ümumi gücü isə 5440 MVt-a çatdırılıb. Yeni elektrik güclərinin yaradılması ilə bağlı perspektiv layihələr üzrə işlər davam etdirilir. Cari ilin sonuna qədər Sumqayıtda gücü 525 MVt olan istilik elektrik stansiyasının istismara verilməsi gözlənilir. Naxçıvanda gücü 36 MVt olan «Ordubad» su elektrik stansiyasının layihələşməsi həyata keçirilir. 2009-cu ilin əvvəlində Səngəçalda 300 MVt-lıq elektrik stansiyasının işə düşməsi, həmin ilin sonunda isə Qubada 104 MVt-lıq modul elektrik stansiyaları istismara buraxılması planlaşdırılır. Bununla da respublikanın enerji sistemin gücü 17,1% artırılacaq. Bundan əlavə, 2010-cu ildə Şirvan şəhərində 780 MVt-lıq mazut-qaz rejimində işləyən müasir «Cənub» elektrik stansiyasının işi düşməsi planlaşdırılır.

- Azərbaycanda təbii qaz hasilatının perspektivləri daha çox “Sahdəniz” yatağının istismarı ilə bağlıdır. Burada hal-hazırda vəziyyət necədir? “Sahdəniz” qazının Avropa bazarlarına əsaslı çıxışı nə zaman mümkün olacaq?

- Əlbəttə, bu günün reallıqları baxımından Azərbaycan qazının əsas ixracı və gələcək strategiyası daha çox “Şahdəniz” layihəsi ilə bağlıdır. Bununla belə, Azərbaycanın Xəzər şelfində və quru ərazilərdə də yetərincə qaz ehtiyatları mövcuddur. Azərbaycan qazının ixracı hazırda bir neçə istiqamətlərdə mümkündür. Bu istiqamətlər Rusiya, İran, Türkiyə, Türkiyə vasitəsilə Avropa ölkələri və digər alternativ marşrutlar da ola bilər. Təbii ki, bu marşrutlardan iqtisadi cəhətdən, kommersiya nöqteyi-nəzərindən ən cəlbedici olanına üstünlük verilməlidir. Bunun hansının olacağı hazırlanacaq hesabatlardan asılıdır. Beləliklə, bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan qazının ixracı ancaq və ancaq kommersiya baxımından əlverişli və iqtisadi cəhətdən səmərəli olan marşrutlarla həyata keçirilə bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR