Azərbaycan Dövlət Neft Şirkəti «Tekfen İnşaat»ın 50%-nin alınması planını təxirə salıb

Azərbaycan Dövlət Neft Şirkəti «Tekfen İnşaat»ın 50%-nin alınması planını təxirə salıb
# 08 aprel 2009 13:31 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Türkiyənin «Tekfen Holding» Şirkətlər Qrupuna daxil olan «Tekfen İnşaat» şirkətinin 50%-nin alınması planını təxirə salıb. Bu barədə «APA-Economics» Türkiyə mətbuatına istinadən məlumat verib.
Məlumatlara görə, ARDNŞ Ceyhan limanında neftayırma zavodunun tikintisi layihəsini də dayandırıb.
ARDNŞ-in şöbə müdiri Vaqif Əliyev bunu dünyadakı maliyyə böhranı ilə əlaqələndirsə də, Türkiyə mətbuatı layihələrin dayandırılmasını başqa amillərlə, o cümlədən Türkiyənin Ermənistanla sərhədləri açması ehtimalları ilə bağlayıb.
ARDNŞ ötən ilin ortalarından «Tekfen İnşaat»ın 50%-nin 520 mln. ABŞ dollarına alınmasına dair danışıqlar aparıb. Türkiyə KİV-i ARDNŞ-in Əliağada «Petkim» neft-kimya kompleksi ərazisində planlaşdırdığı neftayırma zavodunun inşasına isə 2010-cu ilin ikinci yarısında başlayacağını qeyd edib. Neftayırma zavodu birinci mərhələdə ildə 10 mln. ton xam neft emalı gücünə malik olacaq.
Qeyd edək ki, «Petkim»in 51%-lik səhm paketinin satışı ilə bağlı tender 2007-ci ilin iyul ayında keçirilib və 2,05 mlrd. dollar təklif edən «TransCentralAsia Petrochemical Holding» Qazaxıstan-Rusiya birgə müəssisəsi tenderin qalibi elan olub. Lakin daha sonra tender komissiyası bu qərarı ləğv edərək ikinci yeri tutmuş «SOCAR-Turcas-İnjaz» alyansını tenderin qalibi elan edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR