BP şirkəti indiyədək Azərbaycanda 1 mlrd. barel neft hasil edib

BP şirkəti indiyədək Azərbaycanda 1 mlrd. barel neft hasil edib
# 15 aprel 2009 08:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Böyük Britaniyanın BP neft şirkəti yaranmasının 100 illiyi ilə bağlı fəaliyyəti barədə açıqlama yayıb.
«APA-Economics»in məlumatına görə, şirkətin fəaliyyət dövründə Azərbaycanla da 15 il ərzində əməkdaşlığın nəticələri öz əksini tapıb. Belə ki, BP indiyədək Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» yataqlar blokundan 1 mlrd. bareldən artıq neft hasil edib və onun yarıdan çoxu Bakı-Tiflis-Ceyhan kəməri vasitəsilə nəql edilib: «Bu uğurlar bilavasitə Azərbaycan hökuməti, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və BP arasındakı güclü tərəfdaşlığın nəticəsidir. «Şahdəniz» yatağı özünün dünya səviyyəli nəhəng bir yataq olduğunu sübut etdi və hələ neçə onilliklər bundan sonra Azərbaycan xalqının mənafeyinə xidmət edəcək. Bundan başqa, Azərbaycanın regionda karbohidrogen sektorundakı liderliyini saxlayacaq və ölkənin növbəti bir neçə onilliklər ərzində inkişafının davamlılığını təmin edəcək güclü bir sənaye yaradacaq».
BP şirkəti həmçinin Xəzər hövzəsində yeni böyük karbohidrogen ehtiyatlarının axtarışında iştirakının davam etdirilməsini də bildirib.
Qeyd edək ki, 1909-cu ilin aprelin 14-də İranda «Məscidi-Süleyman» yatağının işlənməsi üçün Anqlo-Fars Neft Şirkəti («Anglo-Persian Oil Company») yaradlılıb ki, sonradan həmin şirkət BP adlandırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR