Bakıda III Xəzər Neft-Qaz Ticarət-Nəqliyyat konfransı keçirilir

Bakıda  III Xəzər Neft-Qaz Ticarət-Nəqliyyat konfransı keçirilir
# 27 aprel 2009 09:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda III Xəzər Neft-Qaz Ticarət-Nəqliyyat konfransı işə başlayıb. «APA-Economics»in məlumatına görə, aprelin 29-dək davam edəcək konfransda Xəzər regionunun karbohidrogen resurslarının dünya bazarına nəqli məsələləri müzakirə ediləcək.
Konfransda həmçinin Xəzər regionunda neft-qaz sektorunun inkişafının makroiqtisadi aspektləri, Avropanın enerji balansında Xəzərin rolu, dəniz daşımaçılığı və enerji dəhlizlərinin diversifikasiyası kimi məsələlər də müzakirə olunacaq.
Tədbirdə Azərbaycanla yanaşı Qazaxıstan, Türkmənistan, Türkiyə, Rusiya, Gürcüstan, İran və bir sıra Avropa ölkələrinin nümayəndələri iştirak edirlər.
Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev tədbirdə ölkəmizin neft siyasəti ilə bağlı ətraflı məlumat verib, eyni zamanda Azərbaycandan qonşu ölkələrə neft-qaz sektoruna investisiya yatırıldığını bildirib: «Bu gün biz Xəzərin karbohidrogen resurslarının Avropa bazarlarına nəqli üçün mümkün marşrutları nəzərdən keçiririk. TransXəzər və Transqafqaz dəhlizləri Mərkəzi Asiya və Xəzər hövzəsində karbohidrogen resurslarının ixracı sahəsində mühüm rol oynaya bilər».
Gürcüstanın energetika naziri Aleksandr Xetaquri isə qeyd edib ki, rəsmi Tiflis hesab edir ki, Gürcüstan Mərkəzi Asiya və Xəzər qazının Avropaya nəqlində böyük imkanlara malikdir və bu proses Gürcüstanın marağındadır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR