«Şahdəniz-II» layihəsinin icrasına 20 mlrd. dollar tələb olunur

«Şahdəniz-II» layihəsinin icrasına 20 mlrd. dollar tələb olunur
# 27 aprel 2009 09:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Xəzərin Azərbaycan sektorunda yerləşən «Şahdəniz» qaz yatağının işlənməsi layihəsinin ikinci fazasına tələb olunan investisiyaların həcmi 16-20 mlrd. ABŞ dolları təşkil edir. «APA-Economics»in məlumatına əsasən, bunu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib.
Xatırladaq ki, yatağın ehtiyatları 1,2 trln. kubmetr həcmində qiymətləndirilir və hazırda «Şahdəniz» yatağında hasilat 4 quyudan aparılır, gündəlik hasilat isə 23 mln. kubmetr təşkil edir. «Şahdəniz» yatağının işlənməsi layihəsinin ikinci fazası çərçivəsində illik hasilatın 30 mlrd. kubmetrə çatacağı proqnozlaşdırılır. Layihənin iştirakçıları isə BP (əsas operator - 25,5%), «Statoil» (kommersiya operatoru - 25,5%), ARDNŞ (10%), «LUKoil» (10%), NICO (10%), «Total» (10%) və TPAO (9%) şirkətləridir.
Həmçinin nazirin sözlərinə görə, 2015-2030-cu illərdə Azərbaycanın qaz ixracı ildə 30-35 mlrd. kubmetr təşkil edəcək. Eyni zamanda, Türkmənistanın qaz ixracı 145-180 mlrd. kubmetr, Qazaxıstanın isə 60-70 mlrd. kubmetr səviyyəsində proqnozlaşdırılır. N.Əliyev vurğulayıb ki, göstərilən miqdardan 15-20 mlrd. kubmetr qazı Azərbaycan Avropaya nəql edə biləcək. Müqayisə üçün Türkmənistan üçün bu göstərici 20-30 mlrd. kubmetr, Qazaxıstan üçün isə 10-15 mlrd. kubmetr səviyyəsində gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR