İyunda Bakıda keçiriləcək «Caspian Oil & Gas» beynəlxalq sərgisində 400-dən artıq şirkətin iştirakı gözlənilir

İyunda Bakıda keçiriləcək «Caspian Oil & Gas» beynəlxalq sərgisində 400-dən artıq şirkətin iştirakı gözlənilir
# 28 aprel 2009 13:20 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. İyunun 2-dən 5-dək Bakıda XVI Beynəlxalq «Xəzər Neft, Qaz, Neftayırma və Neft Kimyası» (Caspian Oil & Gas) sərgi-konfransı keçiriləcək. Bu barədə «APA-Economics»ə sərginin təşkilatçısı, Böyük Britaniyanın «ITE Group» şirkətinin Cənubi Qafqazdakı eksklüziv tərəfdaşı «Iteca Caspian» şirkətindən məlumat verilib.
Azərbaycan prezidentinin rəhbərliyi altında keçiriləcək sərgi və konfransda 30-dan çox ölkənin 400-dən artıq şirkət və təşkilatının iştirakı gözlənilir. Yeni şirkətlər sərginin ümumi ekspozisiya sahəsinin 20%-ni tutacaq. Ekspozisiya sahəsinin 40%-də isə dünya şöhrətli şirkətlərin stendləri yerləşəcək. Onların arasında ARDNŞ, BP, «Itochu», «OMV Gas International GmbH.», «StatoilHydro ASA», «Total», TPAO və bir çox digər şirkətlər var. Ənənəvi olaraq, bu il Rusiya, Çin və Almaniyanın milli qrupları təqdim olunacaq, ilk dəfə olaraq isə Belçikanın milli stendi nümayiş etdiriləcək.
Sərginin «platin» sponsoru Azərbaycan Beynəlxalq Bankı, «qızıl» sponsoru isə ARDNŞ-dir. Sərginin sponsorları sırasında EGL, «OMV Gas and Power GmbH.», BP, «Bank of Tokyo-Mitsubishi», BNHF (Baku Nobel Heritage Fund), «Caspian Geophysical», «Cross Caspian Oil and Gas Logistics», «EON Ruhrgas AG», «RWE Dea», «Salans», «Statoilhydro», TAP (Trans Adriatic Pipeline), «Total and Volgaburmash» şirkətləri də var.
«Caspian Oil & Gas» sərgisində Azərbaycanın yerli şirkətləri, o cümlədən «Cross Caspian Oil & Gas Logistics», «Azmeco Azerbaijan Metanol», «Azərenerji», «Azərikimya», «BP Azerbaijan», «Azerpipe», «Azfen», «AZEL», «Ekol Engineering Services», «Alkan» və s. təmsil olunacaq.
Bu günə sərginin iştirakçıları qismində 22 ölkədən 250-dən çox şirkət artıq qeydiyyata alınıb.
Qeyd edək ki, sərgi çərçivəsində iyunun 3-4-də XVI «Neft və Qaz, Xəzərin Neft Emalı və Neft Kimyası» beynəlxalq konfransı keçiriləcək. Konfransa 30-dan çox ölkənin 500-dən yuxarı nümayəndənin qatılacağı gözlənilir. Tədbirdə Azərbaycan neft və qazının nəqli üzrə alternativ təkliflər, eləcə də Xəzərin enerji resurslarının dünya bazarına çıxarılması üzrə magistralların perspektivləri kimi məsələlərə toxunulacaq. Xəzər dənizinin Azərbaycan hissəsində kəşfiyyat və hasilat perspektivləri, Azərbaycanın neft və qaz sektorlarına investisiya qoyuluşları kimi mövzulara da xüsusi yer ayrılacaq. Konfransın ikinci günü bütünlükdə Avropanın enerji təminatının diversifikasiyası ilə bağlı mövzuların müzakirəsinə həsr olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR