Türkmənistan-Çin qaz kəmərinin açılış mərasimi keçirilib

Türkmənistan-Çin qaz kəmərinin açılış mərasimi keçirilib
# 15 dekabr 2009 08:37 (UTC +04:00)
Aşqabad – APA-Economics. Dekabrın 14-də Türkmənistan-Özbəkistan-Qazaxıstan-Çin qaz kəmərinin açılış mərasimi keçirilib. “APA-Economics”in məlumatına görə, bu ölkələrin liderlərinin də qatıldığı mərasim Türkmənistanın şimal-şərqindəki Samandəpə məntəqəsində baş tutub.

Qeyd edək ki, qaz kəmərinin uzunluğu 7 min km-dir. Bunun 188 km-i Türkmənistanın, 525 km-i Özbəkistanın, 1293 km-i Qazaxıstanın, 4860 km-i Çinin ərazisindən keçəcək. kəmər 40 mlrd. kubmetr gücə 2012-ci ildə çatacaq.

Qaz kəməri Çin Xalq Respublikasının təbii qaza artan tələbatını ödəmək çün nəzərdə tutulub. 2010-cu ildə qaz tədarükünün 13 mlrd. kubmetrə, 2013-cü ildə kəmərin tikintisi tam başa çatdıqdan sonra 30 mlrd. kubmetrə çatacağı gözlənilir.

Ekspertlərin fikrincə, yeni magistral Mərkəzi Asiyanın qaz ehtiyatları ətrafındakı vəziyyəti və bütünlükdə geopolitik situasiyanı dəyişə bilər. Çin layihəyə böyük önəm verir. Bunu ÇXR-in sədri Xu Tszintaonun açılış mərasimində şəxsən iştirak etməsi də təsdiqləyir.

Xatırladaq ki, Rusiyanın “Qazprom” şirkəti türkmən qazını almaqdan imtina etdikdən sonra rəsmi Aşqabad çıxılmaz vəziyyətlə üzləşib. Bu zaman Çin hökuməti Türkmənistana yardım əlini uzadıb və Mərkəzi Asiya respublikasına 4 mlrd. kredit verməyə razılaşıb. Qeyri-rəsmi məlumatlara görə, bunun 1 mlrd. dolları ölkə büdcəsinin sabitləşməsinə, 3 mlrd. dollar isə qaz yataqlarının, o cümlədən Cənubi Yolotan yatağının işlənməsi üçün Türkmənistanın Çindən mal və xidmətlər almasına yönəldiləcək.

Yeni qaz kəməri xaricə qaz satışının 90%-ni “Qazprom” vasitəsilə həyata keçirən Türkmənistan üçün çox perspektivli sayılır. Bununla alternativ müştəri əldə edən Aşqabad Moskvadan asılılığını azaldacaq. Pekinin 2020-ci ildə qaz tələbatının ildə 300 mlrd. kubmetrə çatacağını nəzərə alsaq, mənzərə tam aydınlaşar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR