Bu ilin noyabr ayında «Mingəçevir SES Silsiləsi»ndə 167 mln. kVt/saatdan artıq elektrik enerjisi istehsal olunub

Bu ilin noyabr ayında «Mingəçevir SES Silsiləsi»ndə 167 mln. kVt/saatdan artıq elektrik enerjisi istehsal olunub
# 15 dekabr 2009 12:59 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Qafqazda ən böyük enerji obyektlərindən olan «Mingəçevir SES Silsiləsi»ndə cari ilin noyabr ayı ərzində 167 mln. kVt/saatdan artıq elektrik enerjisi istehsal olunub. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Stansiyada enerji istehsalı nəzərdə tutulandan 2 mln. kVt/saat və ya 1,2% çox olub. Cari ilin yanvar-noyabr aylarında isə ümumilikdə 727 mln. 136 min kVt/saat elektrik enerjisi istehsal edilib. Hesabat dövrü üçün proqnoza 108,2% əməl edilib.

Səhmdar cəmiyyətindən o da bildirilib ki, 2010-cu ildə silsilə üzrə bir sıra tədbirlərin həyata keçirilməsi, o cümlədən “Mingəçevir” SES-in 6 saylı hidroaqreqatının əsaslı təmiri nəzərdə tutulub. Stansiyanın birinci və ikinci hidroaqreqatlarının və onların köməkçi avadanlıqlarının yeniləri ilə əvəz olunacağı planlaşdırılıb. Paralel olaraq üç saylı transformator yenisi ilə əvəzlənəcək, yüksək gərginlikli yarımstansiyalarda hava açarları müasir tipli açarlarla əvəz olunacaq.

Yenidənqurma işləri “Varvara” SES-də də həyata keçiriləcək. Stansiyanın bütün mexaniki və elektrik avadanlıqları yeniləri ilə əvəz olunacaq. Qeyd edək ki, əvvəlki qoyuluş gücü 16,5 MVt olan “Varvara” SES-in gücünün 18 MVt-yə qədər çatdırılması planlaşdırılır.

Qeyd edək ki, «Mingəçevir SES Silsiləsi»nə “Mingəçevir” SES və “Varvara” SES daxildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR