«OMV Gas&Power»: İran «Nabucco» layihəsi üçün perspektivli resurs mənbəyi kimi qiymətləndirilir

«OMV Gas&Power»: İran «Nabucco» layihəsi üçün perspektivli resurs mənbəyi kimi qiymətləndirilir
# 24 dekabr 2009 09:28 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. İranda hasil olunan təbii qaz «Nabucco» layihəsi üçün olduqca yaxşı resurs kimi qiymətləndirilir. Bunu «APA-Economics»ə açıqlamasında Avstriyanın «OMV Gas&Power» şirkətinin beynəlxalq boru kəmərləri layihələrinin başçısı Mixael-Dieter Ulbrix bildirib.

Onun sözlərinə görə, hazırda Avropa İttifaqı və ABŞ İrandakı cari siyasi vəziyyətindən narahatdır: «Lakin bu, «Nabucco» kəməri üçün çox yaxşı mənbədir».

M.-D.Ulbrix qeyd edib ki, layihənin crası ilə məşğul olan «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumu üçün mənbə kimi Azərbaycandan təbii qazın alınması olduqca vacibdir. «Lakin bizə digər məbələr də tələb olunur, o cümlədən İraqdan. «Nabucco» həmçinin Rusiya və Türkmənistanla əməkdaşlıq üçün açıqdır».

«OMV Gas&Power» şirkətinin rəsmisi vurğulayıb ki, «Nabucco» kəmərinin istismara verilməsi qrafikində heç bir dəyişiklik baş verməyib və artıq 2014-cü ildə qaz kəmərinin istifadəyə verilməsi planlaşdırılır.

Qeyd edək ki, Xəzər regionundan Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya təbii qazın ixracı üçün nəzərdə tutulan «Nabucco» kəmərinin inşası məqsədilə yaradılan «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub. Hər bir tərəfdaş şirkətin konsorsiumda payı 16,67% təşkil edir. Layihənin xərclərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək. Bu yaxınlarda layihənin ümumi investisiya dəyəri 4,6 mlrd. avrodan 7,9 mlrd. avroyadək (12,3 mlrd. ABŞ dolları) artırılıb.

İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 300 km olacaq, illik nəqletmə gücü isə 31 mlrd. kubmetr həcmində nəzərdə tutulub. Layihə çərçivəsində ilk qazın artıq 2014-cü ildə Avropaya çatdırılması planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR