Azərbaycan MDB məkanında ilk dəfə yeraltı elektrik yarımstansiyası inşa edəcək

Azərbaycan MDB məkanında ilk dəfə yeraltı elektrik yarımstansiyası inşa edəcək
# 25 dekabr 2009 12:36 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan ərazisində elektrik enerjisi istehsalının və enerjiyə tələbatın artması ilə əlaqədar enerji sistemində yeni obyektlərin tikintisi planlaşdırılır. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Mətbuat xidmətindən bildirilib ki, bu məqsədlə Gəncə Metallurgiya Zavodunun qidalandırılması üçün nəzərdə tutulmuş 500 KV-luq «Samux» yarımstansiyasının tikintisi aparılır. Bu stansiya 500 KV-luq «Abşeron» yarımstansiyasından sonra profilinə görə ikinci ən böyük enerji obyekti olacaq. Yarımstansiyanın gələn il üçün istismara verilməsi nəzərdə tutulur. Adıçəkilən yarımstansiya vasitəsilə 500 KV-luq xətlərlə Azərbaycan-Qardabani-Ksani-Qars xətlərinin tikilib əlaqələndirilməsi ilə Azərbaycan, Gürcüstan və Türkiyə arasında enerji mübadiləsinin daha yüksək səviyyəyə çatdırılması planlaşdırılır.

Sisteməhəmiyyətli «İmişli» yarımstansiyasının da gücünün artırılması nəzərdə tutulur. Bu stansiyada hər birinin gücü 240 MVA olan iki avtotransformator quraşdırılacaq. Artıq həmin avadanlıqlar gətirilib və onların quraşdırılmasına hazırlıq görülür.

Ağcabədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı ərazidə enerji tələbatçılarının daha da artması ilə əlaqədar həmin ərazidəki 20 MVA-lıq transformatorun 63 MVA-lıqla əvəzlənməsi nəzərdə tutulur. Bu məqsədlə layihə işləri görülür və təxminən gələn ilin ortalarına yaxın yarımstansiyanın yeniləşdirilməsinə başlanacaq.

Tədbirlər planı çərçivəsində «Xırdalan» yarımstansiyasında 180 MVA-lıq transformator 250 MVA-lıqla əvəz olunacaq. «Qala» yarımstansiyasında isə hər biri 40 MVA gücündə olan iki transformator 63 MVA-lıqla, «Ramana» yarımstansiyasında isə hərəsi 10 MVA olmaqla ümumi gücü 30 MVA təşkil edən 3 transformator 1 ədəd 63 MVA-lıqla əvəzlənəcək. Hazırda bu işlərlə yanaşı 110 KV-luq 227 saylı yarımstansiyanın tikinti-quraşdırma işləri davam etdirilir və bu iş üçün tələb olunan avadanlıqların böyük bir hissəsi əraziyə gətirilib. Bu, MDB ölkələri arasında yeraltı yarımstansiyanın tikintisi üzrə ilk təcrübədir. Yarımstansiyanın 2010-cu ilin ortalarında istismara verilməsi proqnozlaşdırılır. Gələn ildən həmçinin 330 KV-luq Goranboy-İmişli hava xətti və Goranboy paylaşdırıcı məntəqəsinin tikintisinə başlanacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR