Azərbaycanın ən iri elektrik stansiyası istehsalı artırıb

Azərbaycanın ən iri elektrik stansiyası istehsalı artırıb
# 09 iyun 2010 13:43 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin may ayında Azərbaycanın ən böyük elektrik stansiyası olan «Azərbaycan» İstilik Elektrik Stansiyasında (İES) 318,8 mln. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib ki, bu da proqnozdan 0,5% çoxdur. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-dən məlumat verilib.

Cari ilin yanvar-may aylarında isə stansiyada 2,2 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib.

Səhmdar cəmiyyətindən verilən məlumata görə, hazırda stansiyada qrafikə uyğun olaraq təmir işləri aparılır. Həyata keçirilən təmir işləri nəticəsində enerji bloklarında və onların köməkçi avadanlıqlarında nasaz hissələr yenisi ilə əvəz edilib, qızdırıcı səthlər qurumdan təmizlənib, qazan qurğusu turşu ilə yuyulub. Nəticədə istismar müddətinə uyğun enerji blokunun avadanlıqlarının hazırkı vəziyyəti ilə müqayisədə texniki iqtisadi göstəriciləri yaxşılaşdırılıb. Cari ildə 2 saylı blokda yenidənqurma işlərinin tamamlanması, 1 və 8 saylı bloklarda isə yenidənqurma işlərinin davam etdirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, elektrik stansiyası hər birinin gücü 300 MVt olan səkkiz enerji blokundan ibarətdir. Respublikada istehsal edilən elektrik enerjisinin 45%-ə yaxınını istehsal edən «Azərbaycan» İES ötən əsrin 80-ci illərindən istismar edilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR