«Azəriqaz» regionlarda qaz infrastrukturunun yenidən qurulması tədbirləri həyata keçirir

«Azəriqaz» regionlarda qaz infrastrukturunun yenidən qurulması tədbirləri həyata keçirir
# 26 iyun 2010 08:32 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azəriqaz» İstehsalat Birliyi regionlarda qaz infrastrukturunun yenidən qurulması tədbirləri həyata keçirir. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Şirkətin müəyyənləşdirdiyi və 2010-2013-cü illər ərzində qaz təsərrüfatının əsaslı inkişafını əhatə proqrama əsasən, ölkə ərazisində 554 km-lik magistral qaz kəmərlərinin yenidən qurulması, ümumi uzunluğu 360 km olan Qalmaz-Astara, Mincəçevir qazpaylayıcı stansiyası – «Azərbaycan» İstilik Elektrik Stansiyası, 90 atm təzyiqli Səngəçal–Qalmaz Yeraltı Qazsaxlama Anbarı magistral qaz kəmərlərinin çəkilişi, habelə Naxçıvan Muxtar Respublikasının təbii qaz təchizatının təkmilləşdirilməsi məqsədi ilə qaz anbarının və 180 km uzunluğunda, 6 qazpaylayıcı stansiyaya malik İqdır-Sədərək kəmərinin tikintisi, regionlarda qaz təminatının yaxşılaşdırılması üçün yeni paylayıcı stansiyaların inşa edilməsi və köhnə stansiyaların yenidən qurulması (ümumilikdə 14 QPS), kompressor stansiyalarının təmiri və bərpası nəzərdə tutulur.

Bundan başqa, Azərbaycanın bütün qaz-nəql sistemində idarəetmə və rabitənin modernləşdirilməsi, sahənin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də kompleks tədbirlərin görülməsi planlaşdırılır. Proqrama həmçinin Bakıda 557 min, regionlarda isə 401 min ədəd smart-kart tipli qaz sayğacının quraşdırılması da daxildir. Regionların qazlaşdırılması istiqamətində görüləcək işlər 55 inzibati rayon və şəhər üzrə 1949 kənd, qəsəbə və yaşayış massivini əhatə edəcək. Həyata keçiriləcək təbdirlər Bakı şəhəri, ətraf qəsəbə və kəndlərin qaz təchizatı sisteminin beynəlxalq tələblər səviyyəsində müasirləşdirilməsinə imkan verəcək.

ARDNŞ-dən həmçinin bildirilib ki, Bakı şəhərinin qaz təsərrüfatında yenidənqurma və modernləşdirmə layihəsi konsepsiyasının hazırlanması üçün «Azəriqaz» İB və şirkətin Avropa ölkələrindəki tərəfdaşları tərəfindən birgə intensiv işlərə başlanıb. Proqrama şəhərin qaz təsərrüfatına texniki xidmətin təkmilləşdirilməsi və Avropa təcrübəsinə uyğunlaşdırılması üzrə məsələlərin tam spektri daxildir. Gələcəkdə bu təcrübə əsasında «Azəriqaz» tərəfindən respublikanın regionlarında da geniş yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR