Azərbaycan Dövlət Neft Şirkəti balansında olan avtomaşınları «Avro-2» standartına uyğunluğu baxımından müayinədən keçirir

Azərbaycan Dövlət Neft Şirkəti balansında olan avtomaşınları «Avro-2» standartına uyğunluğu baxımından müayinədən keçirir
# 05 avqust 2010 09:56 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Atmosfer havasının avtonəqliyyat vasitələrindən atılan zərərli qazlarla çirklənməsinin qarşısını almaq məqsədi ilə Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) «Avro» standartlara keçir. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

ARDNŞ-in müəssisə və təşkilatları ilə ikitərəfli razılaşma müqavilələri bağlandıqdan sonra şirkətin Ekologiya İdarəsinin Ekoloji Ölçmə Mərkəzi həmin idarələrin balansında olan nəqliyyat vasitələrini ekoloji müayinədən keçirir. Belə ki, nəqliyyat vasitələrindən atmosferə atılan işlənmiş qazların miqdarının normalara uyğunluğu Azərbaycanda qüvvədə olan DÜST 17.2.2.03-87, DÜST 17.2.2.01-84 standartları ilə müqayisə edilir və standartın tələblərinə uyğun gəlməyən nəqliyyat vasitələrinə akt tərtib olunur. Eyni zamanda, yanma sistemində olan nasazlıqlar aradan qaldırıldıqdan sonra həmin nəqliyyat vasitələrinin təkrar ekoloji müayinədən keçirilməsi işləri yerinə yetirilir.

Ekoloji Ölçmə Mərkəzinin fəaliyyət dairəsini genişləndirmək məqsədi ilə Mərkəz Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən AZS Milli sertifikatlaşdırma sistemində müstəqillik akkreditasiyasından keçirilib və akkreditasiya şəhadətnaməsi alınıb. Sistemin tələblərinə uyğun olaraq, Ekoloji Ölçmə Məntəqələri qaz analizator cihazları ilə təmin edilib.

Xatırladaq ki, cari ilin iyul ayından etibarən Azərbaycanda «Avro-2» standartları tətbiq olunur. Həmin tarixdən ARDNŞ-in balansında olan nəqliyyat vasitələrinin də «Avro-2» standartlarının tələblərınə uyğun istismar olunmasına başlanıb.

Qeyd edək ki, avtonəqliyyat vasitələrindən atmosferə atılan zərərli qazlar üzrə «Avro» standartları BMT-nin Avropa İqtisadi Komissiyası tərəfindən qəbul olunub. «Avro-1», «Avro-2», «Avro-3», «Avro-4», «Avro-5» standartları avtonəqliyyat vasitələrinin mühərriklərindən atmosferə atılan işlənmiş qazların tərkibində olan zərərli maddələrin maksimal həddini göstərir. Həmin qazlar sırasında «dəm qazı» adlanan karbon oksidi (CO), karbohidrogen və azot oksidinin qarışığı olan qazlar (CH+NOx) xüsusi nəzarətdə saxlanılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR