Azərbaycan MDB ölkələrinə yodlaşdırılmış duz ixrac edəcək

Azərbaycan MDB ölkələrinə yodlaşdırılmış duz ixrac edəcək
# 11 avqust 2010 13:08 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan istehsalı olan yodlaşdırılmış duzun MDB ölkələri və qonşu dövlətlərin bazarlarına çıxarılması planlaşdırılır. «APA-Economics»in məlumatına görə, bu barədə «Azersun Holding» Şirkətlər Qrupunun mətbuat xidmətinin rəhbəri Afiq Səfərov bildirib.

A.Səfərovun sözlərinə görə, hazırda holdinq tərəfindən bu regionda bazarlar öyrənilir. MDB məkanında ilk dəfə olaraq müasir texnologiyalar əsasında yodlaşdırılmış duzun «Azersun Holding» tərəfindən Azərbaycanda istehsal olunduğunu deyən şirkət sözçüsü iyulun 21-də istifadəyə verilmiş Masazır Duz Zavodunun ölkənin duza olan tələbatını artıqlaması ilə təmin etmək iqtidarında olduğunu vurğulayıb.

Azərbaycan duzu xarici bazara da «Azərduz» və «Bizim Duz» brendi ilə çıxarılacaq.

A.Səfərov onu da əlavə edib ki, hazırda Azərbaycanda duza olan illik tələbat 40-45 min ton təşkil edir.

Qeyd edək ki, «Azersun Holding»in sosial layihəsi olan Masazır Duz Zavodunun gündəlik emal gücü 100 tondur. Zavod tam gücü ilə işə düşdükdən sonra 300 ton duz istehsal ediləcək. Zavod duzu Masazır gölündən istehsal edir. Gölün duz ehtiyatları 1,750 mln. ton civarında qiymətləndirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR