Şirvanda elektrik smart-kartlarının yüklənməsi üçün böyük növbələr yaranıb

Şirvanda elektrik smart-kartlarının yüklənməsi üçün böyük növbələr yaranıb
# 05 yanvar 2011 13:20 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynallı, Əli Əhmədov - APA. «Azərenerji» və «Azərpoçt» arasında müqavilənin başa çatması Şirvanda elektrik smart-kartlarının yüklənməsi ilə bağlı böyük növbələrin yaranmasına səbəb olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan şəhərində enerji təminatı smart-kart sayğacları ilə həyata keçirildiyindən, indiyədək bu kartlar şəhər poçtamtlarında yaradılmış ödəmə məntəqələrində yüklənib. Lakin Yeni il ərəfəsində poçtamtlardakı ödəmə məntəqələri ləğv olunaraq, Şirvan şəhər Elektrik Şəbəkəsinin inzibati idarəsinə köçürülüb. Nəticədə inzibati binanın qarşısında kartları yükləmək üçün uzun (bəzən 250 nəfərə çatan) növbələr yaranıb.

Şirvan Regional Enerji Təchizat Şəbəkəsinin satış üzrə direktor müavini Oktay Quliyev APA-ya açıqlamasında yaranmış vəziyyəti “Azərenerji” və “Azərpoçt” arasındakı mübahisə və nəticədə enerji qurumunun “Azərpoçt”un xidmətindən müvəqqəti imtina etməsi ilə izah edib. Onun dediyinə görə, indiyədək 5 poçt məntəqəsində quraşdırılmış ümumi sayı 6 olan kart yükləmə aparatları inzibati binaya köçürülüb. Nəticədə əhali indiyədək 5 məntəqədə qəbul edilən enerji haqlarını indi yalnız bir məntəqədə - enerji şəbəkəsinin inzibati binasında ödəməli olur. Bu da binanın qarşısında iri növbələrin yaranmasına səbəb olub.

«Azərpoçt» Dövlət Şirkətinin direktor müavini Sübhan Kazımov isə APA-ya bildirib ki, problemin yaranmasına səbəb həmin məntəqələrə xidmət üzrə müqavilənin müddətinin başa çatmasıdır: «Biz bununla bağlı «Azərenerji»yə məktubla müraciət etmişdik».

«Azərenerji» SC-də isə bununla bağlı elə bir problemin olmadığını bildirirlər. Cəmiyyətin mətbuat xidmətinin əməkdaşı Ələkbər Baxşəliyev bildirib ki, hələlik “Azərpoçt”la müqavilənin uzadılıb-uzadılmayacağı bilinmir: “Ümumiyyətlə, biz öz xərclərimizi azaldırıq. Üstəlik, kartlar əvvəllər də 6 aparatla yüklənirdi, indi də. Sadəcə, ünvan dəyişib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR