ARDNŞ ölkənin təbii qaz təchizatı sisteminə verdiyi qazın həcmini 23% azaldıb

ARDNŞ ölkənin təbii qaz təchizatı sisteminə verdiyi qazın həcmini 23% azaldıb
# 06 yanvar 2011 13:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Ötən ilin dekabr ayı ərzində Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ölkənin təbii qaz təchizatı sisteminə 909,982 mln. kubmetr qaz verib ki, bu da noyabr ayına nisbətən 22,5% azdır.

ARDNŞ-dan “APA-Economics”ə verilən məlumata görə, ay ərzində yeraltı qaz anbarlarına 22,190 mln. kubmetr mavi yanacaq vurulub, 160,961 mln. kubmetr qaz götürülüb. Bununla da dekabr ayı ərzində 1 048,753 mln. kubmetr qaz istifadə olunub. Bu həcmdən sənaye, əhali və «Azərenerji» ASC-nin istifadəsinə 932,830 mln. kubmetr təbii qaz verilib, Gürcüstana 38,728 mln. kubmetr, Rusiyaya 40,317 mln. kubmetr qaz ixrac olunub və Naxçıvan MR-nın qaz təminatı üçün isə İrana 36,878 mln. kubmetr mavi yanacaq ötürülüb.

ARDNŞ 2010-cu ildə Azərbaycanın yanacaq-enerji balansında təbii qazın təhvili üzrə nəzərdə tutulmuş öhdəlikləri artıqlaması ilə yerinə yetirib. Belə ki, yanvar-dekabr ayları ərzində ARDNŞ ölkənin təbii qaz təchizatı sisteminə 11 509,420 mln. kubmetr qaz verib ki, bu da proqnozdan 1 179,420 mln. kubmetr və ya 11,4% çoxdur.

Bundan başqa, ölkə sənayesinin, əhalinin təbii qazla tam təmin olunması və xaricə qazın ixracı üzrə müqavilə öhdəliklərini yerinə yetirmək məqsədi ilə yeraltı qaz anbarlarından əlavə olaraq 804,183 mln. kubmetr mavi yanacaq götürülüb. Eyni zamanda yeraltı qaz anbarlarına əlavə olaraq 1 924,413 mln. kubmetr qaz vurulub.

Beləliklə, 2010-cu il ərzində 10 389,190 mln. kubmetr qaz istifadə olunub. Bu həcmdən sənaye, əhali və «Azərenerji» ASC-nin istifadəsinə 8 921,757 mln. kubmetr təbii qaz verilib, Gürcüstana 339,158 mln. kubmetr, Rusiyaya 799,751 mln. kubmetr qaz ixrac olunub və Naxçıvan MR-nın qaz təminatı üçün isə İrana 328,524 mln. kubmetr qaz ötürülüb.

Qeyd edək ki, ARDNŞ tərəfindən «Azəriqaz» İB-nin qaz-nəql sistemində və «Azneft» İB-nin Qaz anbarlarının istismarı İdarəsinin kompressor təsərrüfatında yerinə yetirilmiş texniki işlər nəticəsində qazgötürmə mövsümünün əvvəlindən 2011-ci ilin yanvarın 1-dək yeraltı qaz anbarlarında 3,1 mlrd. kubmetrə yaxın qaz tədarük edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR