ABŞ-ın İtaliyadakı səfiri: “Rusiya və ABŞ arasında qarşıdurma “Nabucco” və “Cənub axını” layihələrinin birləşdirilməsi ilə başa çata bilər”

ABŞ-ın İtaliyadakı səfiri: “Rusiya və ABŞ arasında qarşıdurma “Nabucco” və “Cənub axını” layihələrinin birləşdirilməsi ilə başa çata bilər”
# 13 yanvar 2011 09:48 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu bəyanatla ABŞ-ın İtaliyadakı səfiri Devid Torn “La Stampa” qəzetinə müsahibəsində çıxış edib.

Onun sözlərinə görə, Rusiyanın “Cənub axını” kəmərinin tikintisində əsas avropalı tərəfdaşı olan İtaliyanın “Eni” şirkəti də bu qənaəti bölüşür: “Mən bunu “Eni”nin rəhbəri Paolo Skaroni ilə çoxsaylı görüşlərimə əsasən deyirəm. biz konstruktiv dialoq mərhələsindəyik”.

Qeyd edək ki, «Nabucco» qaz kəməri Xəzər regionundan təbii qazın Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya ixracı üçün nəzərdə tutulub. Bu məqsədlə yaradılan «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub.

Tikintisinə 2012-ci ildə başlanacaq «Nabucco» qaz kəməri ilə Azərbaycan qazının nəqli 2015-ci ildən gözlənilir. Nəqletmə gücü ildə 31 mlrd. kubmetr olan kəmərlə Azərbaycanla yanaşı, Türkmənistan və İraq qazı da daşınacaq. Son qiymətləndirmələrə görə, uzunluğu 3 300 km olacaq boru xəttinin tikintisi təqribən 7,9 mlrd. avroya (12,3 mlrd. ABŞ dolları) başa gələcək. Bu xərcin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək.

“Cənub axını” layihəsi isə Rusiyanın əsas qaz nəqli layihələrindən biridir. Smeta dəyəri 15-30 milyard dollar arasında qiymətləndirilən layihənin son marşrutu hələlik müəyyənləşdirilməyib. Rusiya indiyədək Bolqarıstan, Serbiya, Macarıstan, Yunanıstan, Sloveniya və Xorvatiya ilə layihənin quru hissəsinin reallaşması üçün hökumətlərarası sazişlər imzalayıb. “Qazprom” Avstriya ilə də saziş imzalamağı planlaşdırır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR