«Nabucco» konsorsiumu: «Nabucco» və «Cənub axını» layihələrinin birləşməsi barədə məlumatlar həqiqətə uyğun deyil

«Nabucco» konsorsiumu: «Nabucco» və «Cənub axını» layihələrinin birləşməsi barədə məlumatlar həqiqətə uyğun deyil
# 13 yanvar 2011 11:52 (UTC +04:00)
Konsorsiumdan «APA-Economics»ə verilən məlumata görə, sözügedən məsələ ilə bağlı konsorsium tərəfindən heç bir müzakirələr aparılmır: «Bizim layihə rəqabətə davamlı layihədir. Ötən il «Nabucco» layihəsi üzrə ciddi irəliləyiş əldə olunub ki, ilk növbədə Ətraf mühit və sosial sahəyə təsirin Qiymətləndirilməsinə başlanılıb. Bundan başqa, Aropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası ilə tapşırıq məktubunun imzalanması, Türkiyədə xətlərin layihələndirilməsinə başlanması kimi mərhələləri qeyd etmək olar».

«Nabucco Gas Pipeline International GmbH.» konsorsiumu hesab edir ki, bütün bu elementlər boru kəmərinin inkişafında həlledicidir və «Nabucco» layihəsinin «Cənub dəhliz»də ən qabaqcıl layihə olduğunu nümayiş etdirir.

Qeyd edək ki, ABŞ-ın İtaliyadakı səfiri Devid Torn «La Stampa» qəzetinə müsahibəsində Rusiya və ABŞ arasındakı qarşıdurmanın «Nabucco» və «Cənub axını» layihələrinin birləşdirilməsi ilə başa çataca biləcəyini vurğulayıb. Onun sözlərinə görə, Rusiyanın «Cənub axını» kəmərinin tikintisində əsas avropalı tərəfdaşı olan İtaliyanın «Eni» şirkəti də bu təşəbbüsün tərəfdarıdır: «Mən bunu «Eni»nin rəhbəri Paolo Skaroni ilə çoxsaylı görüşlərimə əsasən deyirəm. Biz konstruktiv dialoq mərhələsindəyik».

Xatırladaq ki, Xəzər regionundan Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya təbii qazın ixracı üçün nəzərdə tutulan «Nabucco» kəmərinin inşası məqsədilə yaradılan «Nabucco Gas Pipeline International GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub. Hər bir tərəfdaş şirkətin konsorsiumda payı 16,67% təşkil edir. Layihənin xərclərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək. «Nabucco» qaz kəməri layihəsinin dəyəri 7,9 mlrd. avro təşkil edir. Tikinti işləri 2011-2012-ci illərdə başlayacağı gözlənilir və qazın nəqli 2014-2015-ci ildə reallaşacaq. Bu qaz kəməri Bakı-Tiflis-Ərzurum qaz kəmərinin ardı olacaq və Xəzər qazının Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriyadan keçməklə Avropaya çatdırılmasının təmin edəcək. İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 300 km olacaq.

«Cənub axını» isə Novorossiyskdən Bolqarıstana qazın ixrac edilməsi üçün İtaliya və Russiyanın birgə əməkdaşlığı ilə Qara dəniz yatağında qoyulan qaz kəməri layihəsidir. «Cənub axını» layihəsinin smeta dəyəri 15-30 mlrd. dollar civarında qiymətləndirilib. Layihənin son marşrutu hələ müəyyənləşdirilməyib. Rusiya indiyədək Bolqarıstan, Serbiya, Macarıstan, Yunanıstan, Sloveniya və Xorvatiya ilə layihənin quru hissəsinin reallaşması üçün hökumətlərarası sazişlər imzalayıb. Rusiyanın «Qazprom» şirkəti Avstriya ilə də saziş imzalamağı planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR