“Ümid” yatağında növbəti kəşfiyyat quyusunun qazılması istiqamətində hazırlıq işləri aparılır

“Ümid” yatağında növbəti kəşfiyyat quyusunun qazılması istiqamətində hazırlıq işləri aparılır
# 13 yanvar 2011 16:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Ötən ilin noyabr ayında Xəzərin Azərbaycan sektorunda kəşf olunmuş ölkə tarixində ən böyük qaz yataqlarından biri olan «Ümid» yatağında növbəti kəşfiyyat quyusunun qazılması istiqamətində hazırlıq işləri aparılır.

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, «SOCAR ÜMİD» MMC-nin sifarişi ilə «Ümid» perspektiv qaz-kondensat strukturunda 8 nömrəli kəşfiyyat quyusunun qazması başa çatdırılıb. Quyuda qazma işlərinə 2009-cu ilin sentyabrında başlanıb, 2010-cu ilin noyabr ayında isə quyu məhsuldar qatın VII horizontundan 6 006 metr dərinliyə çatdırılıb və burada sənaye əhəmiyyətli qaz-kondensat ehtiyatı aşkar edilib.

Hazırda növbəti 10 nömrəli kəşfiyyat quyusunun qazılmasına hazırlıq gedir. Qazma qurğusu 3,3 metr sürüşdürüləcək, tikinti-quraşdırma işləri başa çatdırıldıqdan sonra qazma prosesinə başlanacaq. Layihə dərinliyi 6 500 metr olan quyuda qazma işlərinin bu ilin sonu 2012-ci ilin əvvəllərində başa çatdırılacağı proqnozlaşdırılır.

Qeyd edək ki, dənizin 58 metr dərinliyində quraşdırılmış «Ümid» platformasından ümumilikdə 6 quyunun qazılması nəzərdə tutulub. Qazılacaq hər quyudan sutkada 1-1,5 mln. kubmetr qaz, 300-350 ton kondensat hasil ediləcəyi gözlənilir. Qazma işləri ARDNŞ-ın Kompleks Qazma İşləri Trestinin nəzdində yaradılmış «Sahil» Qazma İşləri İdarəsi tərəfindən həyata keçirilir.

Xatırladaq ki, 200 mlrd. kubmetr qaz ehtiyatı olan «Ümid» yatağı ehtiyatlarının həcminə görə «Şahdəniz»dən sonra ölkənin müstəqilliyi tarixində kəşf olunan ikinci böyük qaz yatağıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR