Azərbaycan “Cənub dəhlizi”ndə ciddi layihələrə hazırlaşır

Azərbaycan “Cənub dəhlizi”ndə ciddi layihələrə hazırlaşır
# 14 yanvar 2011 16:03 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan “Cənub dəhlizi” çərçivəsində ciddi layihələr həyata keçirməyə hazırlaşır.

«APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda “Şahdəniz”dən başqa yeni qaz yataqları kəşf olunub və gələcəkdə Azərbaycan dünyaya qaz ixracını artırmağı planlaşdırır: “İndi bunun üçün yeni, şaxələnmiş istiqamətlərə baxılır və “Cənub dəhlizi” də perspektiv layihələrdən biridir. Məlum olduğu kimi, dünən Azərbaycan prezidenti və Avropa Komissiyasının prezidenti bu dəhlizlə bağlı mühüm bəyanat qəbul edib və biz bu layihəni dəstəkləyirik”.

ARDNŞ prezidentinin sözlərinə görə, Cənub enerji dəhlizi ilə Azərbaycan nefti və qazının bir neçə nəql istiqaməti var: “Bunların bəziləri - Bakı-Tiflis-Ceyhan neft kəməri və Bakı-Tiflis-Ərzurum qaz kəməri artıq fəaliyyətdədir. İndi isə bu işlərin davamı olaraq qaz həcmlərinin artırılması üçün yeni kəmərlərin tikilməsi, Azərbaycandan Gürcüstana və Gürcüstandan Türkiyəyə olan kəmərlərin genişləndirilməsi və ya yeni kəmərlərin çəkilməsi, Türkiyədəki qaz ixracı sisteminin də genişləndirilməsi və qazın Avropaya nəqli nəzərdə tutulur”.

R.Abdullayev qeyd edib ki, hazırda Azərbaycan qazının Avropaya çıxarılması üçün bir neçə marşrut nəzərdə tutulur: “Bunlar Türkiyə-Yunanıstan-İtaliya marşrutunu nəzərdə tutan Transadriatik layihə, “Nabucco” və bir sıra digər layihələrdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR