İqtisadi inkişaf naziri Şahin Mustafayev: “Ötən illər ərzində Azərbaycan “yüksək insan inkişafı” ölkələri qrupuna keçib”

İqtisadi inkişaf naziri Şahin Mustafayev: “Ötən illər ərzində Azərbaycan “yüksək insan inkişafı” ölkələri qrupuna keçib”
# 14 yanvar 2011 20:24 (UTC +04:00)
Bakı-APA. 2010-cu il Azərbaycan iqtisadiyyatı üçün uğurlu olub və ÜDM 5 faiz artaraq, 41 milyard manatı ötüb. İqtisadi inkişaf naziri Şahin Mustafayev Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında etdiyi çıxışda bu fikirləri işlədib.

“Orta illik inflyasiya idarə olunan səviyyədə saxlanılıb və 5,7 faiz təşkil edib. Strateji valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 50 faiz artaraq 29 milyard dollara çatıb və bu da ölkənin dayanıqlı inkişafına möhkəm zəmanətdir. 51 milyon ton neft, 27 milyard kubmetr qaz hasil edilib, sənaye 2,6 faiz artıb. Bu sahədə ən mühüm nailiyyətlərdən biri də ötən il Dövlət Neft Şirkətinin daxili imkanları hesabına yeni neft və qaz yataqlarının aşkar edilməsi olub”, deyə nazir bildirib.

Ş.Mustafayev ötən il ərzində qeyri-neft sektorunun dinamik inkişafı davam etdiyini vurğulayıb: “Onun real artım tempi, ümumi artım tempini üstələyərək 7,6 faiz, o cümlədən, qeyri-neft sənayesində 6,6 faiz, rabitədə 29,7 faiz, nəqliyyatda yük daşınması 3,1 faiz təşkil edib. Sənayeləşmə siyasəti davam etdirilib, yeni və müasir texnologiyalara əsaslanan elektrotexnika, əlvan metallurgiya, maşınqayırma, kənd təsərrüfatı məhsullarının emalı, tikinti materiallarının istehsalı da daxil olmaqla, il ərzində 60 sənaye müəssisəsinin istifadəyə verilməsi və 80-dən çox sənaye müəssisəsinin tikintisinin davam etdirilməsi, eləcə də kosmik sənayenin yaradılması və 2012-ci ildə Azərbaycanın ilk peykinin orbitə çıxarılması istiqamətində görülən işlər, ölkənin sənaye potensialını genişləndirib və qeyri-neft sektorunun davamlı inkişafına zəmin yaradıb. Əlverişsiz iqlim şəraiti və təbii fəlakətlərlə bağlı dənli bitkilərin istehsalının azalmasına baxmayaraq, intensiv metodların tətbiqinin stimullaşdırılması və kompleks dövlət dəstəyi tədbirləri nəticəsində, kənd təsərrüfatının digər sahələrində artım davam edib. Ölkəmiz bir sıra əsas ərzaq məhsulları ilə özünü təmin edib, buğdanın qiymət artımının mənfi təsirinin azaldılması məqsədi ilə Dövlət Taxıl Fonduna tədarük olunan taxılın həcmi 500 min tonadək artırılıb, idxal olunan buğda və un əlavə dəyər vergisindən azad edilib. Əvvəlki illərdə olduğu kimi, aqrar sektora subsidiyaların, vergi güzəştlərinin və güzəştli kreditlərin verilməsi davam etdirilib, aqrolizinq və aqroservis xidmətlərinin şərtləri asanlaşdırılıb. Ölkənin qeyri-neft sektorunda mühüm rolu olan tranzit potensialı gücləndirilib, avtomobil magistrallarının yenidən qurulması davam etdirilmiş, dəmir yol nəqliyyat sisteminin inkişafına dair dövlət proqramı qəbul edilib, dəniz limanı kompleksinin tikintisinə başlanıb. İl ərzində ölkəyə bütün maliyyə mənbələri hesabına 15,5 milyard dollar investisiya qoyulub. Ümumi investisiyalarda həm daxili, həm də qeyri-neft sektorunun payı üstünlük təşkil edib. Ölkədə yaradılmış əlverişli biznes mühiti Azərbaycan şirkətlərinin maliyyə imkanlarının artmasına və onların yalnız ölkə daxilində deyil, eləcə də xarici ölkələrdə investisiya yatırmalarına imkan yaradıb.
İnfrastruktur və sosial yönümlü Dövlət İnvestisiya Proqramının icrası nəticəsində nəqliyyat, kommunal, su ehtiyatları və irriqasiya, energetika və sənaye, ekologiya, kənd təsərrüfatı, sosial infrastruktur obyektlərinin tikintisi həyata keçirilib.
Ötən il regionlarda 160-dan çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi tikilib istifadəyə verilib, 200-dən çox müəssisənin tikintisi davam etdirilir. Bu müəssisələrin 112-sində Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən istifadə olunur”.

Şahin Mustafayev deyib ki, bu dövrdə regionların potensialı təhlil edilib, dəstək tədbirləri müəyyənləşdirilib, sahibkarlığın inkişafı ilə bağlı 200-dən çox tədbir keçirilib. İdxal, ixrac proseduraları sadələşdirilib, vergi yükü azaldılıb, il ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən hamısı regionlarda olmaqla 1430 investisiya layihəsinin maliyyələşdirilməsinə 115 milyon manat güzəştli kredit verilib.

Aqrar sektorun inkişafında müasir texnologiyanın tətbiqinin daha da genişləndirildiyini, 25 müasir soyuducunun, 14 taxıl anbarı kompleksi yaradıldığını bildirən Ş.Mustafayev deyib: “Xarici investisiyaların cəlb olunması və qeyri-neft ixracının gücləndirilməsi məqsədilə, ölkədə və xaricdə 100-ə yaxın biznes forum və konfranslar təşkil edilib. Ötən il Özbəkistanda Azərbaycanın ilk milli sərgisi uğurla keçirilib, ölkəmizin nailiyyətləri və potensial imkanları nümayiş etdirilib. Beynəlxalq maliyyə qurumları ilə faydalı əməkdaşlıq davam etdirilib və bir sıra mühüm layihələr həyata keçirilib. Bakı şəhərində keçirilmiş İslam İnkişaf Bankının Müdirlər Şurasının 35-ci İllik Toplantısında 55 ölkədən minə yaxın nümayəndə iştirak edib. 2010-cu ilin 11 ayı ərzində 145 ölkə ilə ticarət aparılıb, xarici ticarət dövriyyəsi 34,8 faiz artaraq 25,1 milyard dollar təşkil edib, 13,7 milyard dollar müsbət saldo yaranıb. Xüsusilə əhəmiyyətli olan qeyri-neft ixracında 16 faizdən çox artım qeydə alınıb. Sosial infrastruktur obyektləri, o cümlədən 45 səhiyyə müəssisəsi, 70-dən çox məktəb binası tikilib və təmir edilib. Əhalinin içməli su ilə təmin edilməsi üçün iri infrastruktur layihəsi - Oğuz-Qəbələ-Bakı kəmərinin tikintisi başa çatdırılıb. Bu nəticələr beynəlxalq qurumlar tərəfindən də müsbət qiymətləndirilib. BMT-nin İnkişaf Proqramının əhalinin rifah səviyyəsini əks etdirən İnsan İnkişafı Hesabatına əsasən, Azərbaycan son beş ildə 34 pillə irəliləyərək 169 ölkə arasında 2005-ci ildə tutduğu 101-ci yerdən 2010-cu ildə 67-ci yerə yüksəlib. 2000-2010-cu illər üzrə ölkəmiz insan inkişafı indeksinin orta illik artım tempinə görə MDB məkanında birinci yerə layiq görülüb və “orta insan inkişafı” ölkələri qrupundan “yüksək insan inkişafı” qrupuna keçib. Ölkədə həyata keçirilən siyasətin uğurlu nəticələri nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapıb. Dünya İqtisadi Forumu tərəfindən 2010-2011-ci illər üçün hazırlanmış “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan MDB ölkələri arasında yenə də birinci, makroiqtisadi sabitlik altindeksi üzrə isə 14 pillə irəliləyərək 139 ölkə arasında 13-cü yerdə qərarlaşıb. “Standard and Poors” Beynəlxalq Reytinq Agentliyi 2009-2010-cu illər üzrə ölkə reytinqini “Stabil”dən “Pozitiv”ə yüksəldib, “Fitch Ratings” Agentliyi ölkəmizə ilk dəfə olaraq investisiya reytinqi verib”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR