Ötən il Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərinin gəlirliliyi 1% olub

Ötən il Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərinin gəlirliliyi 1% olub
# 27 yanvar 2011 13:54 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin 53,41%-i ABŞ dolları, 41,43%-i avro, 5,16%-i isə ingilis funtunda yerləşdirilib.

«APA-Economics»in məlumatına görə, bu barədə Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov bu gün mətbuat konfransında bildirib.

Ötən ildə Fondun vəsaitlərinin idarə olunması ilə bağlı konservativ siyasətin aparıldığını deyən Ş.Mövsümovun sözlərinə görə, ARDNF-nin aktivlərinin 99%-i sabit gəlirli qiymətli kağızlarda yerləşdirilib. Bunlar əsasən, agentliklər, beynəlxalq təşkilatlar, suveren istiqrazlar, maliyyə və korporativ istiqrazlar təşkil edir. Neft Fondunun investisiya portfelindəki istiqrazların 93%-i «A», «AA» və «AAA» reytinqlidir.

Ş.Mövsümovun sözlərinə görə, maliyyə böhranı və bütün dünyada faiz dərəcələrinin aşağı düşməsi özünü Neft Fondunun gəlirliliyində də göstərib: «Stimullaşdırıcı monetar siyasətin nəticəsi kimi bütün maliyyə bazarlarında faiz dərəcələrinin kəskin aşağı düşməsi müşahidə olunur və sözsüz ki, bu, ARDNF-nin fəaliyyətində də faiz dərəcələrinin aşağı düşməsinə səbəb olub. Nəticədə 2010-cu ildə Neft Fondunun vəsaitlərinin gəlirliliyi 1% təşkil edib».

Müqayisə üçün qeyd edək ki, 2006-cı ildə bu rəqəm 4,2%, 2007-də 4,5%, 2008-də 3,8%, 2009-cu ildə isə 3,3% olub. Ümumilikdə son 5 ildə Neft Fondunun orta gəlirlilik dərəcəsi 3,4% təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR