Bu il «Petkim Petrokimya Holding»ə 100 mln. dollar sərmayə yatırılacaq

Bu il «Petkim Petrokimya Holding»ə 100 mln. dollar sərmayə yatırılacaq
# 28 yanvar 2011 14:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Türkiyənin Egey bölgəsi Sənaye Palatası (EBSO) tərəfindən hər il keçirilən regionun müxtəlif sahələrdə yüksək nailiyyətlər qazanan sənaye qurumlarının ənənəvi mükafatlandırma mərasim təşkil edilib.

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, builki mükafatlandırma ARDNŞ-ın idarəçiliyində fəaliyyət göstərən «Petkim Petrokimya Holding» şirkəti üçün xüsusilə uğurlu olub. Şirkət eyni zamanda 4 nominasiya üzrə mükafata layiq görülüb.

«Petkim Petrokimya Holding» 2010-cu ildə fəaliyyət göstərdiyi 45 illik tarixində rekord istehsal və ixracat göstəricilərinə nail olub. EBSO-nun keçirdiyi mərasimdə «Ən Yüksək İstehsal», «Ən Yüksək İnvestisiya» və «Ən Yüksək Məşğulluq» nominasiyaları üzrə mükafatlar «Petkim Petrokimya Holding»ın baş direktoru Həyati Öztürkə təqdim edilib. Qlobal iqtisadi böhran dövründə dünya üzrə neft-kimya sektorunda istehsal güclərindən istifadə həcminin 70%-ə düşdüyünü, böhranın təsirlərinin azaldığı 2010-ci ildə isə yalnız 80%-ədək yüksəldiyini bildirən H.Öztürk «Petkim»in bu sahədə ciddi uğur qazandığını vurğulayıb.

Ötən il mənfəət və ixracatla bağlı qoyulan yüksək hədəflərə nail olunduğunu bildirən H.Öztürk Əliağa Kompleksində fəaliyyət göstərən 7 fabrikin istehsal rekordu vurması nəticəsində ümumi istehsal həcminin bu günədək əldə edilən ən yüksək səviyyəyə çatdığını bildirib. «Petkim Petrokimya Holding»ın baş direktoru bildirib ki, 2011-ci ildə müəssisəyə təxminən 100 mln. ABŞ dolları məbləğində sərmayə yatırılması nəzərdə tutulub. Bu il müəssisənin istehsal güclərinin maksimuma çatdırılması, texnologiyanın yenilənməsi, məhsuldarlığın artırılması, həmçinin, istehsal xərcləri sırasında enerji xərclərinin azaldılması planlaşdırılır.

H.Öztürk istehsal güclərinin artırılması ilə bağlı əlavə enerjiyə ehtiyac yaranacağını söyləyib və bunun təmin olunması məqsədilə «Petkim»in ərazisində 25 MVatt gücündə külək enerji stansiyası inşa etmək planlarından danışıb. O, stansiyanın tikintisi üçün lisenziya müraciətinin müsbət qarşılandığını qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR