«Neft Daşları»nda yeni platforma qurulur

«Neft Daşları»nda yeni platforma qurulur
# 15 fevral 2011 15:53 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) “Neft Daşları” yatağında illik hasilatın 1,2 milyon tona çatdırılması ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün işləri davam etdirir.

ARDNŞ-dan “APA-Economics”ə verilən məlumata görə, bu məqsədlə yataqda yeni platformalar quraşdırılır, sualtı boru kəmərləri çəkilir və tikinti işləri aparılır.

Bu işlərdən biri “Neft Daşları” NQÇİ-nin sifarişi ilə dənizin 44 metr dərinliyində 2585 nömrəli 4 bloklu platformanın quraşdırılmasıdır. Platforma “Neft Daşları və “Günəşli” yataqlarının həmsərhəd ərazisində quraşdırılacaq. Dənizin bu hissəsində indiyədək neft hasil edilməsə də, geoloqlar bu ərazini perspektivli hesab edirlər.

Platformanın dayaq blokları Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda və “Neftqaztikinti” Trestinin Zığdakı tikinti-quraşdırma meydançasında inşa edilib. 12 quyunun qazılması üçün nəzərdə tutulan platformanın ümumi çəkisi 6893 tondur.

Qeyd edək ki, 2585 nömrəli platformada həm təhlükəsizlik texnikası və əməyin mühafizəsi, həm də işçilərin sosial-məişət problemlərinin həlli üçün beynəlxalq standartlara uyğun yeni infrastrukturun qurulması nəzərdə tutulur. Layihəyə əsasən, 72 nəfərlik yaşayış blokunda neftçilər üçün hər cür şərait yaradılacaq, vaxtaçıların içməli suya olan tələbatı “Əks-Osmos” tipli sutəmizləyici qurğu vasitəsilə ödəniləcək. Platformada vertolyot və 4 ədəd yanalma minik meydançası inşa ediləcək, habelə özülə hər biri 42 yerlik 3 ədəd qayıq birləşdiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR