Zimbabve bütün hasilat sənayesini milliləşdirir

Zimbabve bütün hasilat sənayesini milliləşdirir
# 29 mart 2011 08:46 (UTC +04:00)
Bakı - APA-Economics. Zimbabve hökumətinin qəbul etdiyi qərara əsasən, ölkədə çalışan bütün əcnəbi dağ-mədən şirkətləri səhmlərinin ən azı 51%-ni zimbabvelilərə verməlidirlər.

APA-Economics”in “Agence France-Presse”yə istinadən xəbərinə görə, bu qərar “Anglo American” və “Rio Tinto” kimi beynəlxalq şirkətlərə də şamil ediləcək.

Zimbabve prezidenti Robert Muqabe sözügedən qərarı xalqın qayğısına qalmaq kimi qiymətləndirib: “Böyük Britaniya və ABŞ, eşidin və bilin ki, bu bizim ölkəmizdir. Əgər sizin şirkətləriniz bizim dağ-mədən sənayesində işləmək istəyirlərsə, biz nəzakətlə onları dəvət edirik. Amma əsas səhmdar bizim xalqımız olmalıdır”.

87 yaşlı R.Muqabenin sözlərinə görə, əcnəbi şirkətlərin öz səhmlərinin 51%-ni kimə verəcəklərini müəyyənləşdirməsi üçün 45 gün vaxtı var. Bütövlükdə bu proses yarım il ərzində başa çatmalıdır.

Qeyd edək ki, Zimbabve CAR-dan sonra dünyada ən böyük platin və xrom ehtiyatlarına malik ikinci ölkədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR