Azərbaycanın cəbhə bölgəsində yerləşən rayonları qazlaşdırılır

Azərbaycanın cəbhə bölgəsində yerləşən rayonları qazlaşdırılır
# 09 aprel 2011 09:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azəriqaz» İstehsalat Birliyi tərəfindən bu il ərzində Ağdam rayonunun Hacıməmmədli, Qaradağlı, Evoğlu, Rzalar, Çəmənli, Sarıcala, Şükürağalı, Zəngişalı və Mahrızlı kəndlərinin qazlaşdırılması nəzərdə tutulub.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, Ağdam rayonunun məcburi köçkünlərin məskunlaşdığı 56 kənd və qəsəbəsində 3 133 əhali abonent «mavi yanacaq»la təmin edilib. Həmçinin, qısa müddət ərzində Quzanlı-1 qəsəbəsi, o cümlədən qəsəbədə 689 məcburi köçkünün məskunlaşdığı yaşayış massivi, İmamqulubəyli, Eyvazlı, Çullu və Qasımbəyli kəndləri qazlaşdırılıb. Bu yaşayış məntəqələrinin qazlaşdırılması üçün «Azəriqaz» İB tərəfindən 2009-2011-ci ilin birinci rübü ərzində ümumilikdə 53,9 km uzunluğunda müxtəlif diametrli yeni qaz xətləri çəkilib.

Bundan başqa, bu il Füzuli rayonunun Horadiz qəsəbəsi, Arayatlı, Babı, Qazaxlar, Mirzənağılı, Əhmədalılar, Mollaməhərrəmli kəndlərində qazlaşdırma işlərinin tamamlanması, Şükürbəyli, Yuxarı Kürmahmudlu, Aşağı Kürmahmudlu, Alxanlı və Kərimbəyli kəndlərinin təbi qazla təchiz edilməsi nəzərdə tutulub.

Həmçinin, Tərtər rayonunun Qaynaq, Qapanlı və Qazyan kəndlərinin qaz təchizatının bərpası, Hüsənli kəndində qazlaşdırma işlərinin tam başa çatdırılması planlaşdırılır. Cari ilində rayon mərkəzinin E.Səfərov, Babək, Xətai və H.Z.Tağıyev küçələrinin, Ağdərədə məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinin, eləcə də Qaradağlı, Qarağacı, Səhləbad və Əskipara kəndlərinin qazlaşdırılması nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR