«BOTAŞ»: Şirkətin Bakı-Ceyhan kəməri ilə neftin daşınmasından zərəri 2045-ci ildə 2 mlrd. dolları ötəcək

«BOTAŞ»: Şirkətin Bakı-Ceyhan kəməri ilə neftin daşınmasından zərəri 2045-ci ildə 2 mlrd. dolları ötəcək
# 12 aprel 2011 10:25 (UTC +04:00)
«APA-Economics»in Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu bəyanatla şirkətin İdarə Heyətinin sədri İbrahim Palaz Ceyhandakı terminalda keçirdiyi mətbuat konfransında çıxış edib.

Onun sözlərinə görə, 2002-ci ildə Türkiyədə iqtidarda olan hökumət iqtisadi baxımdan qeyri-səmərəli olan müqaviləyə imza atıb: «Azacıq hüquqi savadı olan şəxs o sazişi imzalamazdı. 15 yaşlı oğluma anlatdım, o da bu şərtlərlə sənədi imzalamayacağını söylədi».

İ.Palaz qeyd edib ki, müqavilə 40+10+10 şərti ilə 60 il müddətinə imzalanıb: «Tamamilə birtərəfli və Türkiyənin zərərinə olaraq bağlanan bu saziş nəticəsində «BOTAŞ»ın zərəri getdikcə artır. Saziş bu şəkildə davam edərsə, 2045-ci ilə qədər gəlirimiz 175 mln. dollar, məsrəfimiz isə 325 mln. dollar proqnozlaşdırılır. Sazişin başa çatacağı 2045-ci ildə isə şirkətin zərəri 2 mlrd. dollardan çox olacaq».

Şirkətin İdarə Heyətinin sədri əlavə edib ki, Türkiyə Azərbaycan neftinin nəqlindən 300 mlrd. dollar gəlir əldə etməyi proqnozlaşdırsa da, uğradığı zərər getdikcə artır: «Şirkət fəaliyyətini davam etdirmək üçün 195 mln. dollar kredit götürüb, ilin sonuna isə borcu 91 mln. dollara çatacaq. Belə davam edərsə, kreditləri də ödəyə bilməyəcəyik. Ancaq istənilən şərtlər altında Türkiyə müqavilə üzrə öhdəliklərini yerinə yetirəcək, operator imicimizin zədələnməsinə imkan verməyəcəyik».

Tədbirdə iştirak edən «BTC Co.»-nun Türkiyə Əməliyyatları İdarəsinin baş direktoru Şölen Karavəlioğlu «BOTAŞ» və BTC-nin rəqib deyil, tərəfdaş olduqlarını vurğulayıb: «Biz tərəfdən baxıldıqda, mənzərə bu cür görünmür. Yəni «BOTAŞ» zərərə uğraya bilər, ancaq məsələyə Türkiyənin ümumi mənfəəti baxımından yanaşmaq lazımdır».

Qeyd edək ki, 2002-ci ildə «BTC Co.» ilə Türkiyə arasında imzalanmış sazişə əsasən, 2045-ci ilədək BTC-nin Türkiyədən keçən 1 076 km-lik hissəsinə «BOTAŞ» şirkəti operatorluq edəcək. BP-nin böyük paya sahib olduğu müqavilədə Türkiyənin TPAO şirkətinin payı 6% təşkil edir. «BOTAŞ» 2006-2011-ci illərdə neftin 1 barelini 35 sentə («BTC Co.» isə kəmərin Gürcüstandan keçən 700 km-lik hissəsində 78 sentə), 2011-2021-ci illərdə 28 sentə, 2021-2048-ci illərdə 43 sentə daşımalıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR