Bakıda CAREC Proqramı üzrə Energetika Komitəsinin iclası keçiriləcək

Bakıda CAREC Proqramı üzrə Energetika Komitəsinin iclası keçiriləcək
# 18 aprel 2011 14:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Mayın 23-25-də Bakıda Asiya İnkişaf Bankının (AİB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) üzrə Energetika Komitəsinin iclası keçiriləcək. Bu barədə «APA-Economics»ə AİB-in Bakıdakı nümayəndəliyindən bildirilib.

«Azərbaycanı iclasda CAREC Proqramının ölkə üzrə koordinatoru İqtisadi İnikşaf Nazirliyi Aparatının rəhbəri Samir Vəliyev, Sənaye və Energetika Nazirliyi, «Azərenerji» ASC və digər dövlət qurumlarından nümayəndələrin təmsil edəcəyi gözlənilir», - deyə nümayəndəlikdən qeyd ediblər.

Bundan başqa, tədbirdə Çin, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan, Özbəkistan, Əfqanıstan və digər ölkələrdən nümayəndələr iştirak edəcəklər.

İclasda CAREC Proqramı çərçivəsində energetika əməkdaşlığına dair tədbirlər planı üzrə görülən işlər və növbəti illərdə görüləcək tədbirlər müzakirə olunacaq. Toplantı çərçivəsində həmçinin ticarət logistikası üzrə seminar keçiriləcək.

Qeyd edək ki, CAREC AİB-in Mərkəzi Asiyada regional əməkdaşlığa dair dəstəklədiyi təşəbbüsdür və onun icrasına 1997-ci ildə başlanılıb. Hazırda bu proqram nəqliyyat, ticarət siyasəti və energetika sahələrini əhatə edir. CAREC Proqramı ilə Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avrora Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və BMT-nin İnkişaf Proqramı sıx əməkdaşlıq edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR