ARDNŞ və BP şirkətinin prezidentləri arasında görüş keçirilib

ARDNŞ və BP şirkətinin prezidentləri arasında görüş keçirilib
# 27 aprel 2011 15:18 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu gün ARDNŞ prezidenti Rövnəq Abdullayev və BP şirkətinin prezidenti Robert Dadlinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, görüşdə BP ilə ARDNŞ-ın “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz” yataqlarının işlənilməsi, Bakı-Tiflis-Ceyhan əsas ixrac neft kəmərinin inşası və istismarı layihələrinin həyata keçirilməsində səmərəli əməkdaşlıq etdiyini bildirən R.Abdullayev bu layihələr, habelə “Şəfəq-Asiman” dəniz blokunun kəşfiyyatı üzrə işlərin normal, planauyğun şəkildə davam etdiyini bildirib.

Görüşdə “Şahdəniz” yatağının işlənilməsinin II mərhələsinə hazırlıq məsələləri, gözlənilən perspektivlər, Azərbaycan qazının Avropaya nəqli, həmçinin Azərbaycanda və qonşu ölkələrdə həyata keçirilən layihələrdə ARDNŞ ilə BP-nin əməkdaşlıq imkanları üzrə ətraflı fikir mübadiləsi aparılıb.

Qonaqlara ARDNŞ-ın qarşıdakı dövr üçün həyata keçirməyi planlaşdırdığı layihələr haqqında da məlumat verilib. R.Abdullayev bildirib ki, “Şəfəq-Asiman” layihəsi Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin son iclasında müzakirə olunaraq bəyənilib və parlamentin plenar iclasında baxılmağa tövsiyə olunub. Milli Məclisin “Xəzər dənizinin Azərbaycan sektorunda “Şəfəq-Asiman” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” imzalanmış saziş layihəsini tezliklə ratifikasiya edəcəyinə əmin olduğunu bildirən ARDNŞ prezidenti bu sahədə də işlərin qrafikə uyğun getdiyini nəzərə çatdırıb.

Danışıqlarda tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR