“Nabucco Gas Pipeline International” şirkəti layihənin bahalaşması ilə bağlı açıqlama yayıb

“Nabucco Gas Pipeline International” şirkəti layihənin bahalaşması ilə bağlı açıqlama yayıb
# 05 may 2011 15:02 (UTC +04:00)
Bu barədə “APA-Economics”ə “Nabucco Gas Pipeline International” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kristian Dolezal bildirib.

“Hazırda nəzərdə tutulmuş 7,9 mlrd. avro investisiya göstəriciləri “Nabucco” layihəsi üzrə 2005-ci ildə aparılmış texniki-iqtisadi əsaslandırmadan irəli gəlir. Həmin göstəricilər hazırda yenidən nəzərdən keçirilir. “Nabucco” layihə heyəti faktlara əsaslanan nəticələri açıqlayacaq. Bu ərəfədə dərc edilən hər hansı digər göstəricilər ehtimal xarakteri daşıyır və dəqiq deyil”, - deyə K.Dolezal bildirib.

Qeyd edək ki, xarici mətbuatda “Nabucco” qaz kəməri layihəsinin dəyəri əvvəllər bəyan olunan 7,9 mlrd. avrodan 12-15 mlrd. avroyadək artırıldığı barədə məlumat gedib.

Xatırladaq ki, “Nabucco” qaz kəməri Xəzər regionundan təbii qazın Rusiyadan yan keçməklə Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriya vasitəsilə Mərkəzi Avropaya ixracı üçün nəzərdə tutulub. Bu məqsədlə yaradılan “Nabucco Gas Pipeline İnternational GmbH.” konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), “Transgaz” (Rumıniya), “Bulgargaz” (Bolqarıstan), “BOTAŞ” (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub.

Tikintisinə 2012-ci ildə başlanacaq «Nabucco» qaz kəməri ilə Azərbaycan qazının nəqli 2015-ci ildən gözlənilir. Nəqletmə gücü ildə 31 mlrd. kubmetr olan kəmərlə Azərbaycanla yanaşı, Türkmənistan və İraq qazı da daşınacaq. Layihənin dəyərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək.

İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 300 km olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR