ARDNŞ və müvafiq Əməliyyat Şirkətləri mədən ərazilərində qeyri-qanuni evlərin tikilməsi ilə bağlı 7500-yə yaxın məhkəmə iddiası qaldırıb

ARDNŞ və müvafiq Əməliyyat Şirkətləri mədən ərazilərində qeyri-qanuni evlərin tikilməsi ilə bağlı 7500-yə yaxın məhkəmə iddiası qaldırıb
# 21 may 2011 08:52 (UTC +04:00)
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, son dövrlərdə bu müəssisələrin yerləşdiyi ərazilərə, xüsusilə də mədən sahələrinə və neft-qaz kəmərlərinin mühafizə zonalarına düşən torpaqların bir çoxu bələdiyyələrin qanunsuz qərarları əsasında, yaxud ümumiyyətlə heç bir sənəd olmadan fiziki və hüquqi şəxslər tərəfindən kütləvi şəkildə zəbt olunub. ARDNŞ tərəfindən zəbtolunma halları, istərsə də, həmin problemlərin ümumi vəziyyəti barədə aidiyyəti icra, hüquq-mühafizə və bələdiyyə orqanlarına dəfələrlə çoxsaylı müraciət edilib. Həmçinin pozulmuş hüquqlarının bərpası məqsədilə ARDNŞ və müvafiq Əməliyyat Şirkətləri tərəfindən Azərbaycanın müvafiq məhkəmələrində 3000-ə (bunlardan 2000-nə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarları var) yaxın iddia qaldırılıb, daha 4500-ə yaxın iddianın məhkəməyə təqdim olunması üçün müvafiq sənədlər hazırlanıb.
Haqqında məhkəmə iddiası qaldırılan və qaldırılması planlaşdırılan tikililər son dövrlərdə aparılmış tikintilərlə bağlı olub. Rəqəmlərdən göründüyü kimi, özbaşına tikililərin məhkəmə qaydasında mübahisələndirilməsi kütləvi şəkildə aparılır və bu zaman müvafiq hüquq təsdiqedici sənədlərə və peyk çəkilişlərinin nəticələrinə istinad edilir. Belə ki, hər ay həmin ərazilər üzrə peyk çəkilişləri aparılır və hansı tikililərin yeni olduğunu müəyyənləşdirmək çətinlik törətmir. Tikililərin hansı dövrdə aparıldığını müəyyən etməkdə əsas məqsəd bu ərazilərdə uzun müddət bundan əvvəl salınmış yaşayış məntəqələrindən fərqli olaraq, son zamanlarda böyük vüsət almış qanunsuz zəbt olunmalarının qarşını almaqdır.
Şirkətdən bildirilib ki, məhkəmələrin bu işlərlə bağlı qanuni qüvvəyə minmiş qərarları olsa da, ARDNŞ tərəfindən insanların uzun müddət məskunlaşdığı yaşayış sahələrinin sökülməsi məqsədi güdülmür. Şirkətin bu istiqamətdə fəaliyyəti qanuni istifadəçilərin neft-qaz əməliyyatlarının aparılmasında maneələrin aradan qaldırılmasına yönəldib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR