Avropa İnvestisiya Bankı Azərbaycanda bərpa olunan enerji mənbələri sahəsinə kredit ayıra bilər

Avropa İnvestisiya Bankı Azərbaycanda bərpa olunan enerji mənbələri sahəsinə kredit ayıra bilər
# 24 may 2011 10:12 (UTC +04:00)
Bakı. Əhməd Yusifzadə - APA-ECONOMICS. Avropa İnvestisiya Bankı (AİB) bank fondundan aktivlərin ayrılması çərçivəsində enerji mənbələrinin diversifikasiyası və enerji təchizatı ilə əlaqədar layihələrin maliyyələşdirilməsi üçün vəsait ayırmağa hazırdır. Bu barədə “APA-ECONOMICS”ə açıqlamasında AİB-in mətbuat katibi Duşan Ondreyçka bildirib.

Onun sözlərinə görə, AİB 2007-2013-cü illərdə Avropa İttifaqının və Avropa Parlamentinin mandatı ilə “Şərq Tərəfdaşlığı” ölkələrində, o cümlədən Azərbaycanda layihələrin maliyyələşdirilməsi üçün 3,7 mlrd. avro vəsait ayrılmasını nəzərdə tutub.

“Vəsait Avropa İttifaqı üçün əhəmiyyət kəsb edən nəqliyyat, energetika, telekommunikasiya, ekoloji infrastruktur sahələrinə, eləcə də kiçik və orta müəssisələrə ayrılacaq. AİB bu ölkələrdə kiçik və orta müəssisələrin inkişafını stimullaşdırmaq üçün digər maliyyə institutları ilə birlikdə 25 mln. avro həcmində kiçik kreditlər ayıra bilər” - deyə D.Ondreyçka qeyd edib.

Bundan başqa, AİB rəsmisi Azərbaycanda və digər ölkələrdə bərpa olunan enerji mənbələri, energetikanın inkişafı və enerji təhlükəsizliyinin təmin olunması üçün bank fondundan 4,5 mlrd. avro uzunmüddətli kreditlər ayıra biləcəklərini vurğulayıb.

Qeyd edək ki, mənzil-qərargahı Lüksemburqda yerləşən AİB Avropa İttifaqının (Aİ) maliyyə-kredit təsisatıdır. Bank 1958-ci ildə Aİ ölkələri üçün maraq doğuran obyektlərin tikintisi və rekonstruksiyası məqsədilə yaradılıb. AİB-in rəhbər orqanları İdarəedici Şura (Aİ ölkələrinin maliyyə nazirləri daxildir), Direktorat və İdarə Heyətidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR